Fevralın 27-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində gömrük dəyərləndirilməsi mövzusunda seminar başlayıb.
Tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov bildirib ki, son dövrlərdə gömrük sistemində aparılan islahatlar çərçivəsində prioritet məsələlərdən biri də gömrük dəyərləndirilməsinin təkmilləşdirilməsidir. Azərbaycan gömrüyü bu sahədə yeni çağırışları nəzərə alaraq qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqinə xüsusi önəm verir. Bu seminarın gömrük əməkdaşlarının potensialının, bilik və bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Seminarda ÜGT-nin mütəxəssisləri Luximan Babajee, Jibbing Luo və Reks Mbilişi tərəfindən gömrük dəyərləndirilməsi sahəsində beynəlxalq hüquqi aktlar, sövdələşmə dəyəri, dəyərləndirmənin alternativ üsulları, dəyərləndirməyə nəzarət, gömrük dəyərləndirilməsi üzrə məcburi qərarlar və başqa mövzularda məlumatlar veriləcək.
Beş gün davam edəcək seminarda Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrinin 40-dan çox əməkdaşı iştirak edir.