"Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında Soçidə keçirilmiş üçtərəfli görüşün nəticələri regionda sülh və əməkdaşlıq mərhələsinin başlanması üçün çox böyük əhəmiyyətə malikdir. Görüşün nəticələri və imzalanmış birgə bəyanat Azərbaycanın maraqlarına tam cavab verir".
Bunu "Qafqazinfo"ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov ötən gün baş tutan Soçi görüşünün nəticələrini şərh edərkən deyib.
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılması ilə bağlı məsələnin bəyanatda öz əksini tapdığını vurğulayan Milli Məclisin deputatı qeyd edib ki, 44 günlük müharibənin başa çatmasından sonra Azərbaycan dəfələrlə bu məsələni gündəmə gətirib: "Azərbaycan müharibədən qalib çıxmış bir ölkə kimi sülh sazişinin imzalanmasının zəruriliyini dəfələrlə vurğulayıb. Sərhədlərin delimitasiyası və demarkasiyası Azərbaycanla Ermənistan arasında çox vacib məsələlərdən birinin həll olunmasına imkan verəcək. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası mexanizmlərinin bu ilin sonuna qədər yaradılması barədə əldə olunan razılaşma bölgədə sabitlik üçün də çox mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir".
Soçi görüşündə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının vacibliyinin və vurğulandığını xatırladan Soltan Məmmədov bildirib ki, bu, 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın bu günə qədər icra olunmamış əsas müddəasıdır: "Ermənistan ötən müddət ərzində müxtəlif bəhanələrlə bu müddəanın yerinə yetirilməsini ləngitməyə çalışıb. Lakin kommunikasiyaların açılması bu gün regionda gedən geosiyasi və qlobal əhəmiyyətli iqtisadi proseslər kontekstində zərurətə çevrilib. Bu baxımdan, Soçidə dövlət başçılarının imzaladığı bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə tezliklə konkret layihələrə başlanılmasının vacibliyinin vurğulanması nəqliyyat dəhlizlərinin açılması prosesinin çox yaxın bir vaxtda həyata keçiriləcəyini göstərir".
Deputat həmçinin Azərbaycanın tarixi qələbəsi ilə başa çatmış Vətən müharibəsindən sonra regionda sülh və əməkdaşlıq üçün böyük fürsət yarandığını və Cənub Qafqazın tarixində yeni bir mərhələnin başladığını qeyd edib: "Azərbaycan Prezidentinin də dəfələrlə vurğuladığı kimi, bu yeni reallığı Azərbaycan yaradıb. Ermənistan və regionda maraqları olan dövlətlər öz siyasətini bu yeni reallıqlara uyğunlaşdırmağa məcburdur".