Kadr islahatları həyata keçirilən siyasətin ən önəmli istiqamətlərindən biridir. Bu istiqamətdə görülən işlər nəticəsində kadr islahatları mərhələsində yeni keyfiyyət dəyişikliklərini müşahidə etməkdəyik.
Yerli icra hakimiyyəti orqanlarında həyata keçirilən kadr islahatları da inkişafa hesablanmış addımdır. Belə ki, Cənab Prezidentin müvafiq sərəncamı ilə Göygöl, Masallı və Lerik rayonlarına yeni icra başçıları təyin olundu. Qəbul zamanı çıxış edən dövlətimizin başçısı yeni başçılara tapşırıq və tövsiyyələrini verdi.
Göygöl rayon İcra Başçısı Elvin Paşayev vəzifəsinin icrasına başladığı andan cənab Prezidentin tapşırıqlarını yerinə yetirir. Uzun müddətdir alışdığımız kreslo məmurları sindromuni sındıran E.Paşayev vəzifəyə təyin olunan andan etibarən Göygöl vətəndaşlarının yanındadır. Problemi, sözü olan hər kəs başçıya öz sözlərini çatdıra bilir, dərdinə dərman axtarır və tapır. Onu da qeyd edim ki, Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri ilə birgə rayonun Mollacəlilli kəndində səyyar görüş keçirib. Görüşdən əvvəl cənab Başçı Mollacəlilli kəndində Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə inşa edilmiş Xatirə Kompleksini ziyarət edib, önünə gül dəstələri düzüb. Səyyar qəbul Mollacəlilli kənd tam orta məktəbdə keçirilib. Qəbul zamanı bir qrup kənd sakinlərini dinləyən İcra başçısı mövcud problemlərin həlli, o cümlədən kəndin suya olan tələbatının ödənilməsi, Göygöl - Mollacəlilli yolunun təmiri, kəndətrafı zibilliklərin ləğv edilməsi və məişət tullantılarının texnika vasitəsi ilə gündəlik daşınmasının təşkil edilməsi, yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Vətən müharibələri və qazilər diqqətdə saxlanılır
Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytararaq bizlərə Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid Musayev Ramiz Kamil oğludur. Bu gün igid vətən oğlunun doğum günüdür. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəmanımız yaşasaydı bu gün 33 yaşı tamam olacaqdı.
44 günlük Vətən Müharibəsi şəhidi Musayev Ramiz Kamil oğlunun doğum günü ilə bağlı Göygöl rayonunun Hacıməlik qəsəbə qəbristanlığındakı məzarı başında anım mərasimi keçirilib. Mərasimdə iştirak edən Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev rayon rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə qayğı göstərərək bu təbəqədən olan insanları daim diqqətdə saxlayır. Ölkə Prezidentinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını əldə rəhbər tutan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində də onları diqqətdən kənarda qoymur, məzarlarını və ailələrini ziyarət edir, şəhidlərimizə olan hörmət və ehtiramını bildirir.
Öz ənənəsinə sadiq qalan rayon rəhbərliyi Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış şəhid Musayev Ramiz Kamil oğlunun doğum gününü də unutmadı.
Bu gün şəhidimizin ailə üzvləri ilə birlikdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəb direktorları və kollektivləri, Vətən müharibəsi qaziləri, şəhid ailələri, şəhidin qohumları, dostları və ictimaiyyət nümayəndələri şəhidimizin doğum günündə məzarını ziyarət edərək tər qərənfillər düzüb, əziz xatirəsini dərin hörmətlə yad edib, ruhuna dua oxuyub və Allahdan rəhmət diləyiblər.
44 günlük Vətən Müharibəsindən söz açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu və bunu döyüş meydanında da sübut etdiyini bildirib. Azərbaycan Ordusunun, hərbçilərimizin Ali Baş Komandanın ətrafında yumruq kimi sıx birləşərək onun “İrəli” əmrini layiqincə yerinə yetirdiklərini qeyd edib, şəhid Ramiz Musayev kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusunun şanlı Qələbələrə imza atdıqlarını vurğulayıb. Qazandığımız böyük Zəfərə görə canından keçərək Şəhidlik zirvəsinə ucalan oğullarımıza, sağlamlıqlarını itirən qazilərimizə bir ömür boyu minnətdar və borclu olduğumuzu diqqətə çatdırıb. Ramiz Musayevin tək doğma el-obasının deyil, bütövlükdə Azərbaycan xalqının oğlu olduğunu dilə gətirib. İllər ötsə belə bütün şəhidlərimizin daim qəlblərdə yaşayacağını, onların xatirəsini Azərbaycan xalqı hər zaman əziz tutulacağını bildirib
Şəhidin atası Kamil Musayev göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Bütün görülən işlərin fonunda rayon ağsaqqalı olaraq Elvin Paşayevə fəaliyyətində uğurlar arzu edirəm. Elvin müəllimin fonunda rayonda öz fəaliyyəti ilə rayon sakinlərinin rəğbətini qazanmış Göygöl Mərkəzi Xəstəxanasının baş həkimi Vaisf Əliyev və digərləri cənab Prezident İlham Əliyevin tapşırıqlarını yerlərdə uğurla həyata keçirir.
Mən bir ağsaqqal kimi bir sıra təkliflərimi hörmətli Elvin müəllimin diqqətinə çatdırmaq istəyirəm. Göygöl sakinləri Cənab Prezidentin yürütdüyü siyasəti dəstəkləyir və bu siyasətin yerlərdə səmərəli təşkilində yaxından iştirak edirlər. Təəssüflər olsun ki, Göygöl rayonunda hələ də bir sıra məmurlar var ki, onların fəaliyyəti bir başa Prezident İlham Əliyevin yürütdüyü siyasətə ziddiyət təşkil edir. Təklifim ondan ibarətdir ki, bu kimi məmurların fəaliyyətinə son qoyulması ilə bağlı aidiyyati qurumlar qarşısında məsələ qaldırasınız. Belə bir addım atmanız yerli sakinlərin sevincinə səbəb olmaqla yanaşı bir başçı kimi sizin də fəaliyyətinizə özü müsbət təsirlərini göstərəcək.
Yusif Xancanov
Göygöl rayon Ağsaqqalı