Azərbaycan həmişə dünya dövlətlərinin siyasi ehtiramı ilə əhatələnib. Dövlət müstəqilliyi bərpa edilmiş gənc dövlətin bu siyasi nüfuzu onun tolerant, bəşəri dövlət olmasının nəticəsi olub. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi ilə torpaqlarını işğaldan azad edən Azərbaycanın siyasi nüfuzu daha da yüksəldi. Dünya dövlətləri onunla ikitərəfli, çoxtərəfli müqavilələr imzalamağı,münasibətləini daha da inkişaf etdirməyi siyasi kursunun tərkib hissəsi etdi.
İyul ayının 22-də “China Global Television Network” televiziya kanalına müsahibəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son 30 ilin siyasi, iqtisadi hadisələrini də xatırlatdı, ikinci Qarabağ müharibəsindən, qazanılan Zəfərdən sonra işğal edilmiş ərazilərdə aparılan quruculuq işlərindən də söz açdı. Müasir Azərbaycanın dövlət kimi formalaşmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərini də yada salaraq dedi: “Ulu Öndər bu gün rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi... 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı”. Azərbaycan bu dəyişməz məqsəd uğrunda cənab İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləməkdədir.
Azərbaycanda güclənən milli-azadlıq hərəkatı Ermənistanın ərazi iddialarına Moskvanın birtərəfli münasibətini də əhatələyirdi. Moskva bu hərəkatın coşqusundan çəkindiyinə görə görünməmiş cinayət törətdi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritdi, böyük faciə törətdi. Bu qırğınlar da İttifaqın saxlanılmasını təmin edə bilmədi. Bu siyasi riyakarlığa, ermənipərəstliyə etiraz əlaməti olaraq böyük tarixi şəxsiyyət Heydər Əliyev Sov.İKP sıralarını tərk etdi. Bu, Azərbaycanda gedən milli-azadlıq hərəkatına rəğbətin təzahürü idi. Az sonra azərbaycanın dövlət müstəqilliyi bərpa edildi...
Azərbaycanda hakimiyyət boşluğu yarananda, milli qarşıdurmalar, separatçılıq baş qaldıranda xalq Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Dahi tarixi şəxsiyyət Bakıya qayıtdı, Azərbaycan dövlətçiliyi xilas edildi. Bundan sonra azərbaycanın həm siyasi, həm də iqtisadi əlaqələri genişləndi. Sonrakı illərdə də bu münasibətlər nəinki saxlanıldı, həm də möhkəmləndi. “İqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Biz ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır”.
Bu müsahibə həm də böyük layihələrin mahiyyətini açıqlayır, Azərbaycanın belə layihələrdə iştirakını təkcə iqtisadi maraqlarla deyil, həm də dünyəviliklə bağlı olduğunu xatırladır. Dünyəvilik qarşılıqlı ehtiramdır, qarşılıqlı inamdır, qarşılıqı etibardır. Ona görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev nüsahibəsində dedi: “Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi. İndi sadəcə, texniki imkanları artırırıq. Ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun imkanlarını hazırda 25 milyon tona qədər çatdırırıq. Gəmiqayırma zavodunun genişləndirilməyi nəzərdə tutulur, ildə 6-8 deyil, 10-20 gəmi inşa ediləcək”.
İkinci Qarabağ müharibəsi təkcə Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi kimi tarixləşmədi, həm də dünyanın nizamını ədalətə, haqqın təntənəsinə yönəltdi. Dünyanın əksər bəşəri dövlətləri Azərbaycan Ordusunun bu Zəfərini tarixi Zəfər adlandırır. Ona görə bu müharibədən sonrakı siyasi proseslər sülhə istiqamətlənməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “İkinci Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarətdir. Azərbaycan sülh müqaviləsinin əsasını təşkil etməli olan beş beynəlxalq təməl prinsipini hazırladı... Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Sülh müqaviləsi həqiqətən mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar”.
Bu müsahibə dünya dövlətlərinin diqqətini səmimiliyi, hadisələrə məntiqi, gerçək münasibəti, Azərbaycan dövlətçiliyinin bəşəriliyi baxımından çəkdi. Bir daha təsdiqləndi ki, Azərbaycan güclü dövlətdir, etibarlı tərəfdaşdır...
Səbinə XASAYEVA.
Milli Məclisin deputatı