Gücümüzün əsas mənbəyi: Xalq-iqtidar birliyi

Bakıda Zəfər parkının açılışı zamanı xalqa müraciətində Prezident İlham Əliyev 44 günlük müharibədə Ordumuzun əldə ətdiyi möhtəşəm Zəfərdən geniş bəhs etdi. Ölkə başçısı xatırlatdı ki, qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir. Torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı.

Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər ölkəmizin bu işğalla barışması üçün müxtəlif üsullardan istifadə edirdilər. Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Məqəsəd ölkəmizi işğalla barışdırmaq, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi.

Xalqa müraciətində ölkə başçısı 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə nəyin bahasına olursa-olsun, öz ərazi bütövlüyümüzü bərpa edəcəyimizi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin danışıqlar mövzusu olmayacağını bəyan etdiyini də xatırlatdı. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə güclü ordu yaradıldı, iqtisadi inkişafı təmin edildi.  İqtisadi inkişaf, ölkə başçısının sözünü beynəlxalq tribunalarda qətiyyətlə deməsi, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər Azərbaycanı Qələbəyə doğru aparırdı.

Prezident İlham Əliyev xalqa müraciətində onu da vurğuladı ki, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər, hansı ki, bu Ermənistan dövləti üçün tam faciə ola bilər. Ermənistan Azərbaycanla rəqabət aparmaq gücündə deyil və olmayacaq. Odur ki, Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir. Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, ölkəmizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır. Belə olan halda ölkəmiz adekvat addım atmağa məcburdur. Ölkə başçısı bəyan etdi ki, Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir. Əgər kimsə yenidən ölkəmizin gücünü sınamaq istəyirsə, yenidən məğlub olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, ölkəmizin Zəfəri təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Prezident İlham Əliyev bildirdi ki,  Azərbaycan bundan sonra da güclənəcək. Heç bir təzyiq, heç bir hədə-qorxu ölkəmizə bu günə qədər təsir etməyib, bundan sonra da təsir etməyəcək. Çünki gücümüzün əsas mənbəyi xalq-iqtidar birliyidir.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri