Cənab Prezident İlham Əliyevin oktyabrın 8-də Gürcüstana rəsmi səfəri çox böyük əhəmiyyətə malik idi. Ölkəmizin 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü geri qazanmasının ardından Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində suverenliyini də bütün ölkə ərazisində bərpa etməsindən sonra bütün dünyanın diqqətinin Cənubi Qafqazda olduğunu nəzərə alsaq bu görüş həm də dünyanın maraq dairəsində idi.
Gürcüstan və Azərbaycan Cənubi Qafqaz regionunda iki dinc şəkildə yaşayan ölkə və xalq kimi dərin tarixi-mədəni əlaqələrə, dostluq münasibətlərinə, müəyyən mənada oxşar tarixi keçmişə malikdirlər. Gürcüstan həm də ölkəmizin mühüm strateji tərəfdaşıdır. Hələ 1996-cı ildə “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” bağlanmış və bu müqavilə ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoymuşdur.
Müasir dövrdə də ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələri daha da güclənir və möhkəmlənir. Hər şeydən öncə qeyd edim ki, bu mehriban qonşuluq və dostluq əlaqələrinin təməlində hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması dayanır. Bütün beynəlxalq təşkilatlarda hər iki dövlət bir-birini dəstəkləyir və maraqlarını müdafiə edir.
Dövlət və hökümət başçıları səviyyəsində həyata keçirilən rəsmi və işgüzar səfərlər isə ölkələrimizin bir-birinə daha yaxın olması və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə şərait yaradır. Son dövrlərdə Azərbaycan Prezidentinin Gürcüstana, Gürcüstan Baş nazirinin isə Azərbaycana səfərləri daha müntəzəm şəkil almışdır. Elə bu il aprel ayında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizə işgüzar səfər etmişdir. Cari səfər isə Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Təkcə bu statistik məlumatlar belə Azərbaycan-Gürcüstan əlaqələrinin intensivliyini sübüt edir.
Gürcüstan həm də ölkəmizə, Ulu Öndərimizə hər zaman böyük rəğbət və ehtiram bəsləyən dövlətlərdən biri olub. Bu il bir çox dost və qardaş ölkələrdə olduğu kimi Gürcüstanda da il ilboyu Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər keçirilmişdir. Ümumiyyətlə, dövlətlərimiz arasında belə mehriban qonşuluq münasibətlərinin formalaşmasında Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğunun xüsusi yeri olduğunu mütləq qeyd etməliyik. Həmçinin bildirim ki, hər iki ölkənin parlamentlərində dostluq qrupları da fəaliyyət göstərir.
Qeyd etdiyim kimi, Gürcüstan həm də bizim ən yaxın strateji tərəfdaşlarımızdan biridir. Xüsusilə də, enerji və nəqliyyat layihələrində birgə əməkdaşlığımız olduqca yüksək səviyyədədir. Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması nəqliyyat sahəsində əməkdaşlığımıza böyük töhfə verəcək və Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək. Həm Azərbaycan, həm də Gürcüstan tarixi İpək Yolunun üzərində yerləşir. Artıq bütün dünyaya bəllidir ki, cənab Prezidentimiz Zəngəzur dəhlizinin açılması başda olmaqla, İpək yolunun canlanması üçün böyük əmək sərf edir.
Enerji sahəsində hazırda bizi birləşdirən əsas layihə “Yaşıl enerji dəhlizi” layihəsidir. Bu layihənin həyata keçirilməsindən sonra həm ölkəmizin, həm də Gürcüstanın enerji sahəsində Avropa ölkələri ilə daha sıx əməkdaşlıq imkanları yaranacaq. İki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya isə 2004-cü ildən etibarən fəaliyyət göstərir və hər il həm ticarət dövriyyəsi, həm investisiya qoyuluşu daha da artır.
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birlikdə Tbilisidə verdikləri bəyanatlar həm də bütövlükdə Cənubi Qafqaz regionu üçün olduqca vacibdir. Cənab Prezident İlham Əliyev əminliklə vurğuladı ki, Cənubi Qafqazda sülhün tam bərqərar olunması üçün artıq bütün imkanlar mövcuddur və bu tarixi fürsətdən region xalqları mütləq istifadə etməlidir.
Bu gün cənab İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün böyük işlər görür. Cənab Prezidentin özünün də qeyd etdiyi kimi, əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Lakin əlbəttə, hər şeydən öncə bütün Cənubi Qafqaz ölkələri beynəlxalq hüququn ən fundamental prinsipi olan ərazi bütövlüyü prinsipinə hörmət etməli və bir-birlərinin ərazi bütövlüyünü tanımalıdır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov