Hacı Əliyev: “Hər bir üzv və qulluqçu bələdiyyənin inkişafına, mövcud problemlərin həllinə öz töhfəsini verməlidir”

Səbail bələdiyyəsi son beş il ərzində əvvəlki illərdə mövcud olmuş neqativi öz fəaliyyəti ilə uğurla aradan qaldıraraq ölkənin nümunəvi bələdiyyələr sırasına qoşula bildi. İnanıram ki, bələdiyyə kollektivinin səmərəli fəaliyyəti ilə bu ənənə bundan sonrakı illərdə də davam etdiriləcəkdir”- bu fikirləri atributinfo,az-a Səbail bələdiyyəsinin sədri Hacı Əliyev bildirib.

Sədr bildirib ki, 2021-ci illə müqayisədə bələdiyyənin büdcə gəlirləri 2.5 dəfəyədək artıb. Artıq Səbail bələdiyyəsi ikinci ildir ki, büdcəsi “milyonluq” maneəni keçən Xətai, Nərimanov, Yasamal və Nəsimi bələdiyyələr sırasına qoşulub.

Bələdiyyənin vergi xidmətinin səmərəli fəaliyyətinin nəticəsidir ki, ötən il büdcə gəlirlərinin artım səviyyəsinə görə respublika üzrə birinci onluqda, paytaxt bələdiyyələri sırasında isə birinci yerdə qərarlaşıb. Belə ki, ötən il Səbail bələdiyyəsinin büdcə gəlirlərində 2023-ci illə müqayisədə 85 faizlik artım müşahidə olunub.

Hazırda bələdiyyə büdcəsinin əsas gəlir hissəsi mehmanxana rüsumunun ödənişi ilə bağlıdır. Yəni büdcə gəlirlərinin 55 faizi məhz bu istiqamətdən daxil olub. Başqa maraqlı və diqqətiçəkən məqam ondadır ki, ölkə bələdiyyələrin mehmanxana rüsumları ilə bağlı əldə etdikləri maliyyə vəsaitinin 35 faizi, paytaxt bələdiyyələrinin isə 45 faiz hissəsini Səbail bələdiyyəsi əldə edib.

Hazırda bələdiyyədə yenilənmiş BAMS proqramına vergi ödəyicilərinin qeydiyyatı demək olar ki, yekunlaşmaq üzrədir.

Büdcə gəlirlərinin artımında Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun təşəbbüsü və milli bələdiyyə assosiasiyalarının təşkilatçılığı, “Bələdiyyələrin onlayn xidmət“ mərkəzinin iştirakı ilə BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi bələdiyyə üçün mühüm rol oynayıb.

Artıq ikinci ildir ki, bələdiyyədə SMS xidməti istifadəyə verilib. 1.800 nəfər borclu vətəndaşa borcları haqqında məlumat göndərilib. Bu xidmətdən istfadə büdcə gəlirlərinin artımına səbəb olub. Vergi ödəyiciləri bütün hallarda bələdiyyənin fəaliyyətinə daha ciddi şəkildə yanaşmağa başlayıblar.

Sədr sonda qeyd edib ki, üzv və qulluqçuların hər biri bələdiyyənin inkişafına, mövcud problemlərin həllinə öz töhfəsini verməlidir. Yalnız bu halda vətəndaş məmnunluğunu tələb olunan səviyyədə təmin etmək mümkündür. Səbail bələdiyyəsi yuxarıda qeyd olunan uğura fəaliyyətini məhz bu prinsiplə qurduğundan nail ola bilib.

/atributinfo.az/