Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq 14 aprel 2023-cü il tarixdə Hacıqabul rayonunda “Heydər Əliyev və Azərbaycanda Milli intibah dövrü ” mövzusunda kütləvi tədbir keçirilmişdir. Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov, Millət vəkili Rafael Hüseynov, hüquq mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri iştirak etmişdir.
Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər düzdülər. Sonra tədbir rayon Mədəniyyət evində davam etdirildi. Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Çıxış edən natiqlər Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, ümumilikdə vətənimizin daxili və xarici aləmdə əldə etdiyi bütün nailiyyətlərin məhz Heydər Əliyevin gərgin və səmərəli zəhməti, uzaqgörən siyasi fəaliyyəti sayəsində mümkün olduğunu qeyd etdilər. Bütün ömrünü xalqına həsr edən bu böyük insanın Azərbaycanı bütün dünyada tanıtmaq, öz vətənini bütün sahələrdə öndə görmək istəyi onu həmişə dövlətinə və xalqına daha sədaqətlə xidmət etməyə ruhlandırdığını vurğuladılar. Azərbaycan xalqı bu böyük şəxsiyyəti hər an yad etməli, anmalı və onun dəsti-xəttini həyata keçirmək üçün qüvvə və səyini əsirgəməməlidir.