Heç bir dinə və insanlığa sığmayan hərəkət

Bakıdakı ADA Universitetində "CənubiQafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında və iştirakçıların suallarını cavablandıran zaman dünya ictimaiyyətinə bir sıra mühüm mesajlar verib.  44 günlük Vətən Müharibəsində Azərbaycanın təkcə hərbi sahədə deyil, diplomatik arenada və informasiya müharibəsində də birmənalı qələbə qazanması Prezident İlham Əliyevin dünyanın əsas informasiya resurslarına, nəhəng media korporasiyalarına müsahibələri, bəzən qərəzli, birtərəfli mövqe əks etdirən suallara təmkin, səbr nümayiş etdirərək tarixi fakt və dəlillərə söykənmiş cavabları ilə ölkəmizin haqq səsini bir daha bütün dünyaya nümayiş etdirmişdir
Erməni qəsbkarları Qarabağda bütün tarixi, mədəni, dini abidələri - məscidlər, türbələr, qəbiristanlıqlar, məzarüstü abidələri məhv edib, Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidini dağıdaraq yararsız hala salıb, içərisində ev heyvanları, o cümlədən donuz saxlanılıb ki, bu da Ermənistanın bəşəri dəyərlərə olan mənfi münasibəti ilə yanaşı, xalqımızın, bütövlükdə müsəlman dünyasının dini dəyərlərinə hörmətsizlik, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya ziddir.
Dövlətimizin başçısının işğaldan azad edilən torpaqlarımıza səfərləri zamanı əldə edilən görüntülərdən ermənilər tərəfindən işğal dövründə mədəniyyətimizə qarşı düşündüyümüzdən də artıq vandalizm aktlarının törədildiyinin şahidi oluruq. Məscidlərimiz dağıdılıb, məhv edilib, təhqirlərə məruz qalıb. Alban məbədlərimizin “qriqorian kilsəsi” adı altında təqdim olunduğunu təəssüf hissi ilə qarşılayırıq.
Prezidentimiz hər dəfə işğaldan azad olunmuş torpaqlarımızı ziyarət etdikdə dini abidələrə baş çəkir. Ermənilərin bizə və mədəniyyətimizə qarşı törətdiyi soyqırımını dünya ictimaiyyətinə çatdırır. Biz də çalışmalı və əlimizdən gələni əsirgəməməliyik ki, bütün dünya bu vəhşilik aktının şahidi olsun. Bu təkcə bizə qarşı edilən vandallıq hadisəsi deyildir, bu həm də islam dünyasına qarşı edilmiş cinayətdir.
Ermənistan hər zaman Azərbaycana qarşı hərbi təcavüz və işğal siyasətinin tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi vandalizm siyasəti yürüdüb. İşğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən yüzlərlə tarixi abidə, onlarla muzey, məscid və mədəni irs nümunələri vandalizm obyektinə çevirib. XIX əsrə aid Ağdam məscidi dağıdılıb talan edilməklə yanaşı, donuz və mal-qara saxlanılması üçün tövlə kimi istifadə edilib və təhqir obyektinə çevrilib.
Rəsmi məlumata görə, işğal altındakı Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin ( Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8 ) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.
Məscidlərimizdən müxtəlif məqsədlər üçün istifadə olunması insanlığa sığmayan addımdır. Müzəffər Prezidentimizin rəhbərliyi ilə dini abidələrimizi qısa zaman kəsiyində bərpa edəcəyik. Biz torpaqlarımıza Böyük Qayıdışın astanasındayıq.

İbrahim Kərimov,
YAP Sabirabad rayon təşkilatının məsul əməkdaşı