Heç bir mənfur qüvvə Azərbaycan xalqının iradəsinə və birliyinə xələl gətirə bilməz

“Əvvəla, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən silahlı hücumu qətiyyətlə pisləyirik. Diplomatik nümayəndəliyin həlak olan baş mühafizəçisi Orxan Əsgərova Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı verir, yaralananlara şəfalar diləyirəm. Bu hadisədən hər birimiz sarsılmışıq, nə üçün baş verdiyi də anlaşılan deyil. İranla Azərbaycan arasında münasibətlər o həddə deyil ki, diplomatik korpusumuza qarşı bu sayaq terror hərəkətləri edilsin. Hər halda məsələyə tam olaraq aydınlıq gətiriləcək”.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, son iki ildə diplomatik nümayəndəliklərimizə qarşı edilmiş sayca 5-ci hücumdur: “Bunlardan birincisi İrana bağlı dini qruplaşma tərəfindən Londonda, 2 hücum radikal ermənilər tərəfindən Parisdə və növbətisi yenə ermənilər tərəfindən Beyrutda törədilib.
1961-ci ildə Diplomatik münasibətlər haqqında qəbul olunmuş Vyana Konvensiyasına əsasən ev sahibi ölkə xarici missiyaların təhlükəsizliyinə tam məsuliyyət daşıyır. İran rəsmiləri hücumun şəxsi səbəblər zəminində baş verdiyini iddia edirlər. Amma bu, onları məsuliyyətdən azad etmək üçün yetərli arqument deyil. Bundan əvvəl Londona edilmiş hücumdan xəbərdar olan İran Azərbaycan səfirliyinin mühafizəsini artırmalı idi. Bu irad və ittiham həm İrana bağlı qruplar tərəfindən Londonda, həm də ermənilərin törətdiyi Paris və Beyrut hadisələrinə aiddir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin fikirlərinə dəstək olaraq baş verən terror aktının tezliklə araşdırılmasını və terrorçuların tezliklə cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”.