"Bu gün bizim median pensiyamız 360 manata çatıb. Cəmi 3-4 il öncə ilə müqayisədə 2,5 dəfəlik artımdır və bunu kifayət qədər yaxşı dinamika hesab edirik".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
"Hər kəsin böyük arzusudur ki, Azərbaycanda ən yüksək əmək haqları və pensiyalar olsun. Nominal rəqəmin yüksək olması hamımızın arzusudur. Nominal rəqəmin arzu etdiyimiz səviyyəyə çatmasını biz də istəyirik. Hələ o səviyyəyə çatmamışıq. Bunu bir günə etmək çox böyük çağırışlar, fəsadlar törədə bilər. Ona görə də dinamikaya baxmaq lazımdır", - deyə nazir bildirib.