Həm iqtisadi, həm də siyasi əlaqələrin  möhkəmlənməsi perspektivləri reallaşır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici dövlətlərə işgüzar səfərləri həm siyasi, həm də ikitərəfli iqtisadi əlaqələrin genişlənməsində vasitə olur. Belə səfərlər dövlətin dünya miqyasında nüfuzunun yüksəldilməsi baxımından da əhəmiyyətlidir. Ölkəmizin başçısının aprelin 25-də Bolqarıstana işgüzar səfəri də bu baxımdan tarixi səfərdir.
Səfər çərçivəsində Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalandı. Bu memorandum enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm iqtisadi təşəbbüsdür, Avropada enerji təhlükəsizliyini gücləndirəcək, daha çox Avropa ölkəsinə daha çox qaz ixrac olunmasını təmin edəcəkdir.
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycanda rəsmi səfərdə olması da bu iki dövlət arasında əməkdaşlığın istiqamətlərinin və perspektivlərinin göstəricilərindəndir. Belə səfərlər siyasi dialoqun dinamikasını nümayiş etdirir, təsdiqləyir ki, Bolqarıstanla Azərbaycan həm strateji tərəfdaşdır, həm də dost ölkələrdir.
Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Bütün lazımi interkonnekturlar yaradıldıqdan sonra, bu ilin sonundan etibarən Azərbaycan Macarıstana və Slovakiyaya da qaz təchizatına başlayacaqdır. Bu da Azərbaycanın iqtisadi maraqlarına hesablanmaqla, siyasi etibarlığını da yüksəldəcəkdir, yüksəldir.
Üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra – iki neft boru kəməri (Xəzərdən Aralıq dənizinə, Xəzərdən Qara dənizə) və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində fəaliyyət davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bolqarıstana işgüzar səfəri ikitərəfli münasibətlərin daha da yaxşılaşdırılmasında əhəmiyyətli olacaqdır.

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı