Dünəndən xalqımız matəm içindədir. Ölkə AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının acısını yaşayır. Qəzada insanların faciəvi şəkildə dünyalarını dəyişməsi və xəsarətlər alması hər birimizi dərindən sarsıtdı. Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-sı ölkədə matəm elan edildi. İctimaiyyətin bütün zümrələri, siyasi partiyalar və vətəndaş cəmiyyətinin üzvləri bu kədərə şərik çıxdıqlarını, belə ağır günlərdə xalqımızın, dövlətimizin və cənab Prezidentinizin yanında olduqlarını bildirirlər. Ancaq təəssüf ki, belə hüznlü və həssas günlərdə belə bu bədbəxt hadisəni siyasi spekulyasiya predmetinə çevirməyə çalışanlar da var. Bəzi siyasi təşkilatlar və onların başbilənləri vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını həmrəyliyə çağırmaq əvəzinə, bulanıq suda balıq tutmağa cəhd edirlər.
Cəmiyyətdə siyasi qüvvələr arasında fikir ayrılığının olması təbiidir. Siyasi çəkişmələr və mübahisələr istənilən ölkə üçün xarakterikdir. Amma milli birliyin olmasını şərtləndirən hallarda ölkənin bütün siyasi qüvvələrinin birləşməsi, ümumi təhlükəyə qarşı vahid cəbhədə olması və milli hüzn günlərində həmrəyliyi gücləndirən çağırışlara qoşulması, dövlətçilik-xalq naminə ayırıcı əməllərdən, bəyanatlardan uzaq durmaları labüddür, ən əsası isə ərdəmlikdir.
1990-cı ildə xalqımız 20 Yanvar kimi dərin ağrını yaşayanda Ulu öndər Heydər Əliyev nümunə sərgiləyərək ölkəmizin Moskvadakı nümayəndəliyinə gəldi, xalq ilə həmrəy olduğunu nümayiş etdirdi, nümunə sərgilədi. Ancaq həmişə olduğu kimi bu gün də Azərbaycanda bəzi siyasi təşkilatlar ənənələrinə sadiqliyini nümayiş etdirərək, təyyarə qəzasını siyasi spekulyasiya mövzusuna çevirməyə can atırlar.
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra bəzi müxalifətçilərin mövqeyində hər hansı bir müsbət dəyişiklik müşahidə edilmir. Müxtəlif bəhanələrdən istifadə edən bu qüvvələr Böyük Zəfərimizi belə həzm edə bilmirlər.
Baş verənlərdən nəticə çıxarmayan, məsələnin mahiyyətini dərk edə bilməyən müxalifət düşərgəsi milli maraqları heçə sayır, ümumxalq faciəsi ilə siyasi dividend qazanmağa cəhd göstərir. Normal siyasi proqrama və gündəmə malik olan siyasi partiyaların bu kədərli günlərdə xalqımızın və dövlətimizin yanında olduqlarını bəyan etdikləri zaman bəziləri fikir çaşdırmağa cəhd göstərirlər.
Diqqətli və dürüst olun, bəylər. Ölkənin, xalqın maraqları bütün maraqlardan üstün olmalıdır. Vətənimizi qorumaq, çətin qünlərdə birlik olmaq, həmrəy olmaq, onu inkişaf etdirmək təkcə Prezident İlham Əliyevin işi deyil, hər birimizin müqəddəs amalıdır.
Rəşad Mahmudov
Milli Məclisin deputatı