“Həyata pozitiv baxaq!” adlı layihə yekunlaşdı. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı,“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirildi. Dörd ay davam edən layihə dünyanın və ölkəmizin ən aktual mövzusu olan yeniyetmə və gənclərin intiharları ilə bağlı idi. Gəncləri özünəqəsd və intiharlardan çəkindirmək üçün bu layihə həyata keçirildi.Layihə çərçivəsində “ÖZÜNÜ SEV! İntihar çıxış yolu deyil.” adlı kitab çap olundu. Kitabın müəllifi Birliyin sədri, layihə rəhbəri Lamiyə İsazadədir. Kitabda intihar problemləri, intiharların baş vermə səbəbləri, intihar hadisəsi baş verməzdən əvvəl insanın özünəqapanma halları , depressiyaya düşməsi və digər problemlər həm tibbi, həm də elmi tərəfdən izah olunubdur.Layihənin ilk tədbiri Bakı şəhərində, Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə yüz nəfərdən artıq şagirdin iştirakı ilə keçirildi. Tədbirə qonaq qismində Əməkdar İncəsənət Xadimi, şair Baba Vəziroğlu, Bakı-xəbər qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev, Əməkdar jurnalist, bayraqdar.info saytının baş redaktoru, siyasi şərhçi Azər Həsrət dəvət olunmuşdular. Layihənin ikinci yekun tədbiri isə Gəncə şəhərində Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecdə yüz otuzdan artıq tələbənin iştirakı ilə baş tutdu. Həmin tədbirə isə qonaq qismində teatrşünas-tənqidçi Anar Bürcəliyev, yazıçı-jurnalist İsmayıl Abbasov, psixoloqlar Günel Maarifqızı və Sevda Murquzova dəvət olunmuşdular. Hər iki tədbir maarifləndirici xarakter daşıyırdı və hər iki tədbirdə şagirdlərə və tələbələrə milli-mənəvi dəyərlərimizdə intiharın hər zaman yaxşı olmayan bir əməl kimi görüldüyünü, intiharın dini inancımızda günah, adətlərimizdə özünə qəsdin cəmiyyət tərəfindən zəiflik kimi qarşılandığı geniş şəkildə izah olundu. Hər iki tədbirdə şagird və tələbələrlə intihar mövzusunda fikir mübadiləsi aparıldı, onların da bu mövzuda fikirləri öyrənildi. Tədbirlərdə iştirakçı olan şagird və tələbələrə “ÖZÜNÜ SEV” İntihar çıxış yolu deyil” adlı kitab müəllif tərəfindən imzalanıb hədiyyə edildi.“Həyata pozitiv baxaq!” adlı layihəyə ümumilikdə 242 nəfər şagird və tələbə cəlb olundu. Onlar “intihar nə deməkdir, intihar qərarını verən bir fərd hansı düşüncə mərhələlərindən keçir, intihara aparan yollar və dinamikası, intiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri, intihar bir çıxış yoludurmu, yaxın ətrafımızda intihar düşüncəsi olanlar varsa necə kömək edə bilərik” kimi mövzuları müzakirə edərək mütəxəssislər tərəfindən maarifləndirildilər.