Heydər Əliyev – Azərbaycanın taleyini dəyişən Lider

Elməddin Quliyev,

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri 

    Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anım günü ərəfəsindəyik.  Bu gün kimliyindən asılı olmayaraq hər kəs  Azərbaycanımızın belə sürətli inkişafına, xalqımızın dünyanın xoşbəxt xalqları  sırasında yer almasına görə Ümummilli Liderə borclu olmalı, Onun düzgün müəyyənləşdirdiyi siyasətin nəticəsi olaraq dövrün, zamanın tələblərinə uyğun hədəflərin gerçəkləşməsinə öz davamlı  töhfəsini verməlidir. Fenomen şəxsiyyət  Heydər Əliyevin yaratdığı milli dövlətçilik  tarixin bizə bəxş etdiyi milli sərvətdir.

     Müstəqilliyinin yenidən bərpasının 30 ilini arxada qoyan Azərbaycanın bu dövr ərzində keçdiyi yolu üç mərhələyə bölmək olar. Birinci mərhələ Azərbaycanın tarixinə qara səhifə kimi yazılan 1991-ci ilin 18 oktyabr tarixindən 1993-cü ilin iyun ayınadək olan dövrü, ikinci mərhələ  1993-2003-cü illəri, üçüncü mərhələ  2003-2021-ci illəri əhatə edir. 1991-ci il  oktyabrın 18-də çətin şəraitdə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi. O illərdə xaos, anarxiya, daxili çəkişmələr, Ermənistanın təcavüzü böyük çətinliklərə, faciələrə yol açaraq  dövlət müstəqilliyimizin taleyini sual altına  almışdı. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə  qayıdışı Azərbaycanı dağılmaqdan xilas etdi. Bu inam ifadə edildi ki, Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq, sarsılmaz olacaq, dönməz olacaq və bugünkü gənc nəsil gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaq. Dahi şəxsiyyətin bu günümüz və gələcəyimiz üçün səsləndirdiyi fikirlərə, tezislərə diqqət yetirdikdə onun torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu görürük. Ulu Öndərin suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq  hər bir azərbaycanlıya müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə  birliyinə, sarsılmaz  həmrəyliyə çağırışlar etməsi də bu sevgisindən qaynaqlanırdı. O, müstəqillik yollarında ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərkən bildirirdi ki, onun beynəlxalq aləmdə özünü təsdiqləməsi üçün  xarici əlaqələrimizi gücləndirməyə böyük ehtiyac var. Bu fakt da inkaredilməzdir ki, Azərbaycanın müstəqilliyinin yenidən bərpasının ilk illərində informasiya blokadasında olmasının əsas səbəbi ölkəmiz haqqında məlumatsızlıq idi. Erməni yalanları Azərbaycan haqqında məlumatsızlıq fonunda ayaq tutub yeriyir, ermənilər xislətlərinə, yalan təbliğatlarına uyğun olaraq özlərini beynəlxalq ictimaiyyətə “əzilən, döyülən, məzlum” xalq, millət  kimi qəbul etdirməyə çalışırdılar. Torpaqları işğal edilən, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan olduğu halda əksər dünya gücləri Ermənistanı işğala məruz qalan, Azərbaycanı isə işğalçı tərəf kimi qəbul edirdilər. 1992-ci ildə erməni diasporunun təşəbbüsü ilə  ABŞ Konqresi tərəfindən  ölkəmizə qarşı “Azadlığı Müdafiə Aktına” ədalətsiz 907-ci düzəlişin əlavə edilməsi də bunun bariz nümunəsi idi. Ermənilərin və erməni lobbisinin məqsədi bu qərarın qəbulu ilə Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək və asılı vəziyyətə salmaq idi. Amma hadisələrin təhlili də göstərdi ki, Azərbaycan 10 ilə yaxın bu ədalətsiz qərarın tətbiqi şəraitində yaşasa da nəinki iqtisadi cəhətdən zəifləmədi, əksinə ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində daha qüdrətli, zəngin dövlətə çevrildi. Bu proseslər, eyni zamanda, hər bir ölkənin həyatında Lider amilinin roluna işıq salır. Bu ədalətsiz qərarın hansı dövlətlərə tətbiq edildiyi məlumdur.  Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk gündən  əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Ümummilli Liderin elə bir xarici ölkəyə səfəri yox idi ki, bu gün artıq tarixə qovuşan “Dağlıq Qarabağ” münqişəsindən bəhs olunmasın, erməni yalanları faktlar əsasında dünya ictimaiyyətinə çatdırılmasın. Diplomatik uğurlarımızın nəticəsində dünya siyasətində dəyişikliklər baş verməyə başladı. 

    Ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideyasının təbliğini prioritet məsələ kimi qarşıya qoydu. Bildirirdi ki, müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır.  Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməlidir. Ulu öndər Heydər Əliyev xaricdə varlığımızı təmin etmək üçün dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın bir araya gəlməsini, vahid mərkəzdən idarə edilməsini təmin etmək üçün 2001-ci ilin mayında  Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. 2001-ci il noyabr ayının 9-10-da keçirilən Dünya Azərbaycanlılarının I qurultayı bir sıra tarixi məqamlarla yadda qaldı.  Ümummilli Liderin "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" çağırışı harada yaşamasından asılı olmayaraq   hər bir azərbaycanlı üçün milli qürur rəmzinə çevrilib.

    O da məlumdur ki, 1991-ci il dekabrın 16-da Ümummilli Liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur. Həmin sessiyadakı çıxışında ulu öndər Heydər Əliyev qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq bildirmişdir: “Dünya Azərbaycan türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi soydaşlarımızın birliyi yolunda ilk addımdır.”

   Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıdışından sonra  Azərbaycanın xaricdə varlığını təsdiqləyən mühüm addımlar ataraq ölkəmizin gələcəyinin aydın mənzərəsini yaratdı. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, azərbycançılıq, həmçinin milli ideologiyanın əsası kimi müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların  birliyini təcəssüm etdirir. Azərbaycan tolerant ölkədir, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verir. Ölkəmizdə müxtəlif xalqların, millətlərin nümayəndələri dostluq, sülh, əmin-amanlıq şəraitində yaşayırlar,  Azərbaycanın inkişafına töhfələr verirlər.

  Ulu Öndərin xilaskarlıq missiyasının ardınca  dünya azərbaycanlılarını bir araya gətirmək istiqamətində atdığı addımlarına, təşəbbüslərinə  diqqət yönəltməyimiz səbəbsiz deyil. Birliyimizi, həmrəyliyimizi təmin etmədən hədəflərə doğru addımlamaq mümkün deyil. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlara nəzər salmaq kifayətdir. Ölkəyə rəhbərlik edən səriştəsizlər, idarəçilik qabiliyyəti olmayanlar, şəxsi ambisiyalarının quluna çevrilənlər xalqın birliyinə nail ola bilməzdilər. Xalq onların hansı məqsədlər uğrunda mübarizə apardıqlarını görür, onlarla gələcəyin mümkünsüzlüyünü bildirirdilər. Lakin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə   istər daxildə, istərsə də ölkə hüdudlarından kənarda birliyimizi, həmrəyliyimizi təmin etməklə  məqsədlərimizə doğru inamla irəlilədik. Xalqın Ümummilli Liderə sevgisi sonsuz idi.  “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyən ulu öndər Heydər Əliyev onu da bildirmişdir ki, mənim üçün xalqın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur. Xalq-Heydər Əliyev birliyi, həmrəyliyi Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin etdi.

  44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizdə də xalq-Prezident birliyinin  rolunu gördük. Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı. Dünya azərbaycanlılarının, həmçinin ölkəmizdə yaşayan xalqların, millətlərin nümayəndələrinin fəaliyyəti diqqətdən kənarda qalmadı.  Qeyd edək ki, Qarabağın tacı Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalının ilk günündə müxtəlif xalqların musiqi yaradıcılığına  xüsusi önəm verilməsi  məhz  44 günlük Vətən müharibəsində  ölkəmizdə dostluq, qardaşlıq şəraitində yaşayan  müxtəlif  xalqların nümayəndələrinin göstərdikləri fəallıqlara verilən dəyər idi. Azərbaycan Şuşadan, Cıdır düzündən dünyaya birlik, sülh, əmin-amanlıq mesajını ünvanladı, tolerant ölkə olduğunu bir daha nümayiş etdirdi.    

  Ulu Öndər Azərbaycanın beynəlxalq əlaqələrini daha da genişləndirərək dövlətimizin nüfuzunu daha da gücləndirdi. Ölkəmiz beynəlxalq təşkilatlara üzv qəbul olunmaqla həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün tribunalar qazandı. Artıq Azərbaycanın haqq səsi eşidilməyə başladı. Dünyanın əksər güc dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar ölkəmiz haqqında həqiqətləri öyrənməyə başladılar. Ən əsası Azərbaycan dövlətinin uğurlu xarici siyasəti, həmçinin 2001-ci il 11 sentyabrda  ABŞ-da baş verən terror aktı rəsmi Vaşinqtonun siyasətində dəyişiklik etməsinə səbəb oldu. Belə ki, ABŞ hökuməti 907-ci düzəlişin ədalətsiz olduğunu təsdiqlədi və onun fəaliyyətinin bir illik  dondurulması ilə bağlı qərar qəbul etdi. Artıq  həmin ildən başlayaraq bu qərar hər il yenidən təsdiqlənir. Azərbaycanın real həqiqətlərə, tarixi faktlara əsaslan siyasəti davamlı uğurlar qazanmasına səbəb oldu. Ən əsası ölkəmiz müstəqil siyasəti ilə dünyanın diqqətində oldu.

   Qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyev Azərbaycanı yenidən qurdu, dövlətçiliyimizin əsasları yaradıldı. 1995-ci ildə ilk Milli  Konstitusiyamız referendum yolu ilə  qəbul olundu. İnsan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsasına çevrildi. Ölkədə azad mətbuatın inkişafı istiqamətində biri-birindən əhəmiyyətli addımlar atıldı. Ulu öndər Heydər Əliyevin Fərmanı əsasında 1998-ci il avqustun 6-da senzuranın ləğvi mətbuatın inkişafında yeni mərhələnin əsasını qoydu. Ulu Öndər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addmlar atdı. Ölkədə yaradılan demokratik şəraitin nəticəsidir ki, xeyli sayda KİV qeydiyyatdan keçib, jurnalist təşkilatları yaradılıb. Azərbaycan mətbu orqanların  sayına görə MDB məkanında liderliyini qoruyur. Hazırkı dövrdə ölkədə internet istifadəçilərinin sayı əhalinin 85 faizini təşkil edir. Hər kəs öz fikrini azad ifadə etmək imkanındadır.

   Atılan bu kimi addımların əsasında təbii ki, ölkəmizin iqtisadi və maliyyə imkanları dayanır. Ulu öndər Heydər Əliyevin iqtisadi və siyasi islahatların vəhdətliyinin qoruması Azərbaycanın davamlı inkiafında əsas yer tutdu.  Ümummilli Liderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə “Əsrin müqaviləsi”nin  imzalanması ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsinə öz müsbət təsirini göstərdi. Bu sazişdən sonra imzalanan onlarla müqavilə  və Anlaşma Memorandumları da bunu təsdiqləyir. Ulu Öndərin müəllifi olduğu neft strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açır. Son 18 ildə cənab İlham Əliyevin dövrün tələblərinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirməsi beynəlxalq aləmdə təqdir edilir.  Ulu öndər Heydər Əliyevin  böyük uzaqgörənliyi sayəsində  1999-cu ildə yaradılan  Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bunlar da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını təmin edir.  

    Azərbaycan ordu quruculuğu sahəsində də böyük uğurlara imza atdı. Ordumuz bu gün dünyanın ən güclü orduları sırasında yer alıb. Təbii ki, bu uğurumuz da Ulu Öndərin gələcəyə hesablanmış addımlarının nəticəsidir. Ümummilli Lider bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli ordunun olması vacibdir. Müstəqilliyimizin bərpasının ilk illərində Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarını müdafiə etməsi ərazilərimizin işğalına səbəb oldu. Dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıdışı ilə nizami ordu yaratdı.

 Ümumilikdə qeyd etsək, ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yeni Azərbaycan yaratdı. O Azərbaycanı ki, bu gün adı qalib ölkə kimi çəkilir, ərazi bütövlüyünü bərpa etməsindən qürurludur. Ümummilli Liderin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin çəkisi və əhəmiyyəti ölçüyəgəlməz dərəcədə çoxdur. Görülən işlər barədə aylarla danışmaq olar. Dahi şəxsiyyətin fəaliyyətinin hansı sahəsinə diqqət yetirsək böyük tədqiqat, araşdırma mövzusudur. İllər keçdikcə Ulu Öndərin bu xidmətlərin miqyasının genişliyi daha aydın görünür, dəyərləndirilir.

     2003-cü ildə ulu öndər Heydər Əliyevin xalqa müraciəti, ən əsası cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi Böyük Yolun davamı kimi tarixə yazıldı. Cənab İlham Əliyev Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirdi. Son 18 ildə hər vədin konkret əməli işdə öz təsdiqini tapdığının şahidiyik. Cənab İlham Əliyevin bu fikirlərini xatırlatmaq istərdik:  “Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.” Prezident İlham Əliyev daim uğurlarımızın fonunda bu əminliyi ifadə edirdi ki, gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsaslar vardır.  Siyasətimiz milli maraqlar üzərində qurulub, müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilib. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünün layiq yerini tutub.  Bu hədəf də açıqlanır ki, Azərbaycan daha da güclü  olmalıdır. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir.

     Son 18 ilin uğurlarından bəhs edərkən artıq onların ümumiləşdirilmiş ifadəsi kimi tarixi Zəfərimizdən bəhs edirik.  Qələbəyə həsr olunmuş Zəfər paradındakı çıxışında “Biz bu illər ərzində güc toplayırdıq, həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı gücləndirirdik, biz ordumuzu gücləndirirdik. Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir və ildən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirmişdir ki, 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.

     Azərbaycan yalnız  bundan sonra inkişaf edəcək. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri geniş vüsət alıb. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən dərhal sonra bu torpaqlara səfərlərinin hər biri tarixi hadisə olmaqla yanaşı, bərpa və quruculuq istiqamətində mühüm addımların atıması ilə yadda qalır. Artıq bu rayonlarımızın, şəhərlərimizin işğal deyil, işğaldan azad edildikləri tarixlər var. Hər bir ərazimizin  işğaldan azad edilməsi Zəfərimizdir. 28 il düşmən tapdağı altında olan, amma qürurunu sındırmayan, əyilməyən Şuşamızın işğaldan azad edilməsi artıq Ermənistanın çökməsi oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti ilə Azərbaycan ordusu tarix yazdı. Bu tarix ədalətin bərpası, dünyanın əksər güclərinə, nüfuzlu beynəlxalq təşkilatlarına ikili standartlara əsaslanan siyasətə son qoymaq   çağırışı idi. 

    Təbii ki, bir yazı çərçivəsində  Heydər Əliyev yolunun uğurlarını tam əhatə etmək qeyri-mümkündür. Bugünkü qüdrətli, qalib  Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin şah əsəridir. Azərbaycanın uğurları fonunda dövlət başçısı İlham Əliyev bildirir ki, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır, həmcinin qalib ölkədir. 44 gündə əsrlərə bərabər yazılan tarix dərsliklərə salınacaq.  Azərbaycanın müharibə taktikası beynəlxalq ekspertlər tərəfindən  öyrənilir. Hər zaman aparılan bu müqayisəni bir daha qeyd etmək istərdik ki, ulu öndər Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar. Bu reallıq da inkaredilməzdir ki, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu həqiqətdə 1969-cu ildən, məhz Ulu Öndərin  birinci hakimiyyəti dövründən başlamışdır. Azərbaycanın müstəqil gələcəyini düşünən ulu öndər Heydər Əliyev  gənclərimizi  keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərirdi.  Cəmşid Naxçıvanski adına hərbi liseyin də əsası məhz o dövrlərdə qoyulub. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ordumuzda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin liseyin məzunlarıdır.

  Ulu öndər Heydər Əliyevin xalq qarşısında xidmətləri misilsizdir. Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin adını daşıyan  Mərkəzin açılış mərasimində söylədiyi fikirləri yada salaq: “Azərbaycan xalqı Heydər Əliyev sevgisini  qəlbində yaşadır və yaşadacaqdır. Biz- Ulu Öndərin  davamçıları elə etməliyik ki,  onun siyasi xətti  Azərbaycanda daim üstünlük təşkil etsin. Mən buna şübhə etmirəm.”

  Reallıqlar göz önündədir. Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayaraq ən yüksək zirvələri fəth edir. Tarixi Zəfərimizin yaratdığı xoşbəxtlik hissi ölçüyə gəlməzdir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir.     

     Azərbaycanı işıqlı gələcəyə doğru aparan Heydər Əliyev irsinin təbliği məqsədilə 2004-cü ildə yaradılan Heydər Əliyev Fondu da çoxşaxəli fəaliyyəti ilə diqqətdədir. Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyev  tərəfindən Birinci vitse- prezident təyin ediləndə məhz onun bu kimi çoxşaxəli fəaliyyəti xüsusi  önə çəkilmişdir. Azərbaycan dövlətinin, dövlətçilinin inkişafında Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir. Bu gün ölkəmizə hansı sahədən baxsaq Heydər Əliyev Fondunun töhfələrini görərik. “Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin  sevincli-kədərli  günlərini  və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir” söyləyən Mehriban xanım Əliyeva bildirir ki, məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut edir ki, əlçatmaz xəyalların və arzuların  reallaşması insan fenomeninin gücünə mümkündür. Böyük və nadir insanlar doğulduqları andan ömrün sonuna qədər yüksək və ali missiyanın daşıyıcıları olurlar. Belə insanlar tarixin mürəkkəb anlarında bütün çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir.

      Ümumiləşdirsək, ulu öndər  Heydər Əliyevin şah əsəri olan müasir müstəqil, güclü, qüdrətli, qalib Azərbaycan, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir.