Heydər Əliyev əbədiyyən yaşayacaq!

Dünyanın tanınmış siyasətçiləri böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi təfəkkürünü, dövlətçilik fenomenini yüksək dəyərləndirirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq”.

Tarix öz axarındadı. Onun axarını ancaq qüdrətli təfəkkürə malik olan böyük şəxsiyyətlər dəyişə bilir. O şəxsiyyətlər ki, ömrünü xalq üçün yaşayanlardı, dövlərçilik üçün yaşayanlardı.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev sovetlər dönəmində də Azərbaycanda azərbaycançılıq məfkurəsinin yaşarılığını mühafizə edirdi. İttifaq daxilində Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafına, təbliğinə dövlət səviyyəsində qayğı göstərilirdi.

Həmin illərdə Azərbaycanda böyük quruculuq işləri başlamışdı, neçə-neçə ittifaq əhəmiyyətli sənaye müəssisəsi istifadəyə verilmişdi. Bakı Məişət Kondisionerləri zavodu, Ozon zavodu, Radio-zavod və b. Həm Azərbaycanı ittifaqda daha geniş miqyasda tanıdırdı, həm də böyük iqtisadi inkişafı təmin edirdi. Bu müəssisələrin istehsal etdiyi məhsullar sabiq SSRİ-nin respublikalarına, eləcə də dünyanın neçə-neçə dövlətinə ixrac olunurdu. Kənd təsərrüfatında da böyük uğurlar əldə edilirdi.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev sovetlər dönəmində də Azərbaycanın sabahlarını düşünürdü. O illərdə azərbaycanlıların da nizami hərbi hissələrdə xidmət etməsinə SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil almasına nail olmuşdu. Bunlar Azərbaycanın müstəqilliyinin bərpa ediləcəyinə inama görə idi. Dahi insan, ən böyük azərbaycanlı bu inamla da Azərbaycanda ibtidai hərbi məktəbin yaradılmasına nail oldu, 1971-ci ildə C.Naxçıvanski adına hərbi lisey fəaliyyətə başladı. Bu məktəbin (indi Hərbi Liseydir) onlarla məzunu generaldır, Azərbaycanın Milli Qəhrəmanıdır. Müasir ordumuzun şəxsi heyəti həm də bu xüsusi təyinatlı təhsil müəssisəsinin məzunları hesabına komplektləşdirilir.

Heydər Əliyev Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə böyük diqqət yetirirdi. Hüseyn Cavidin nəşinin Sibirdən, Tayşekdən gətirdilməsi, Naxçıvanda dəfn olunması, böyük şair və yazıçıların abidələrinin ucaldılması, adlarının əbədiləşdirilməsi, şair və yazıçıların yubileylərinin keçirilməsi, bunlar gənc nəslin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli olurdu. O illərdə böyük tarixi şəxsiyyət Nəriman Nərimanovun heykəli qoyulanda Moskvanın etirazını azərbaycançılıq qətiyyəti ilə dəf etmişdi – Moskva Bakıda G.M.Kirovun heykəlindən hündür heykəlin olmasını istəmirdi. Heydər Əliyev Nəriman Nərimanovun Azərbaycana xidmətləri müqabilində öz sevgisini Moskvanın istəyindən üstün tutmuşdu.

Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Lakin hakimiyyət boşluğu, səriştəsizlik, orduda vahid komandanlığın olmaması, ərazilərin, rayonların şəxsi münasibətlər əsasında müdafiə olunması və s. Azərbayacanda dövlət çevrilişinə zəmin hazırlamışdı, Azərbayacan vətəndaş müharibəsi ərəfəsində idi. Gəncədə qiyam başlamışdı. Belə bir vaxtda xalq təkidlə Heydər Əliyevi hakimiyyətə dəvət etdi; Azərbaycanın dövlət müstəqilliyi iflasdan xilas oldu. Azərbaycanda siyasi sabitlik yarandı, iqtisadi inkişaf üçün beynəlxalq əlaqələr formalaşdı, buna etibarlı zəmin hazırlandı, ordu yenidən qurulmağa başlanıldı, ərazi özünümüdafiə taborları buraxıldl, vahid komandanlıq yaradıldı, ordu quruculuğunda yeni mərhələ başladı, ordu nizami ordu kimi formalaşmağa başladı.

1994-cü il yanvarın 5-də Ali Baş Komandan Heydər Əliyevin sərkərdəliyi ilə ordumuz Horadiz əməliyyatına başladı. Qısa müddətli döyüşlərdən sonra Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu Qələbə ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını, döyüş əzmini, qələbə ruhunu yüksəltdi. Mahiyyəti baxımından ehtimal edilən sonrakı əməliyyatların da qələbə ilə nəticələnəcəyinin inamı oldu...

Xalqımız çox qədim tarixə malikdir, deməli, həm də çox qədim ədəbiyyata malikdir. “Kitabi-Dəqə Qorqud” dastanlarının 1300 illiyinə həsr olunmuş beynəlxalq tədbir də bu qədimliyə ehtiramın təzahürü idi. Belə möhtəşəm tədbiri də böyük tarixi şəxsiyyət Heydər Əliyev tarixləşdirdi. Ulu Öndər ordu quruculuğuna xüsusi diqqət yetirirdi. Sovetlər dönəmində daha çox azərbaycanlı gəncin ali hərbi təhsil almasına çalışırdı, buna nail olurdu da.

Ön xətdə, səngərlərdə əsgər və zabitlərlə görüşən Ulu Öndər xidmətdə fərqlənənləri mükafatlandırırdı, onlara müdrik məsləhətlər verirdi. Bu görüşlər o illərdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığında müstəsna rol oynamışdı. Ordu torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüşlərə hazır idi...

Ən böyük azərbaycanlı olan Ulu Öndər böyük qürurla deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu qürur azərbaycançılıq ideologiyasının məfkurə kimi formalaşdırılmasına vasitə oldu – 2001-ci ilin 31 dekabrında böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Bu qurultay həmrəylik kimi, eyni ideologiyaya sədaqətin rəsmi başlanğıcı kimi tarixləşdi, sonralar uğurla davam etdirildi.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev müasir Azərbaycanın dövlətçilik memarı oldu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Onun sərkərdəliyi ilə qüdrətli Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad etdi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qürurla dediyi “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”kəlmələr həm milli-mənəvi dəyərlərə sədaqət kimi, həm ata ruhuna ehtiram kimi, həm də Azərbaycana sevgi kimi tarixləşdi...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev əbədiyyən yaşayacaq. Tarixdə də, xatirələrdə də, ürəklərdə də...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı