“Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır. Ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə həmişə böyük hörmətlə yanaşırdı”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcması Nərimanov rayon təşkilatının rəhbəri Təmraz Tağıyev bildirib.
Təşkilat rəhbəri qeyd edib ki, əsrlər boyu biz “Ana Vətən” demişik, çünki bizdə Vətən hər zaman ana ilə təcəssüm olunub:
“Bu gün Azərbaycan qadını ən xoş sözlərə layiqdir. Bu gün xanımlarımız həm evdə, həm işdə hər bir işi mükəmməl görərək daha üstün nəticələr əldə edirlər. Müasir dövrdə xanımlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verməkdədir”.
Qərbi Azərbaycan İcmasının Nərimanov təşkilatı belə bir gündə xanımları unutmayıb.
Qeyd edək ki, təşkilat üzvləri Nərimanov rayonunda yaşayan ən yaşlı xanımları - 101 yaşlı Fatma İsmayılovanı, 99 yaşlı Sənubər İsmayılovanı və 98 yaşlı Fatma Həsənovanı mənzillərində ziyarət edərək təbrik edib və onlara can sağlığı arzulayıblar.
Hər üç xanım Qərbi Azərbaycanın Böyük Qara kilsə rayonundadırlar. Görüşdə Qərbi Azərbaycanla bağlı xatirələrdən söhbət açılıb və hər bir yaşlı xanım doğma yurdlarına qayıdacaqları günü səbrsizliklə gözlədiklərini bildiriblər.
Sonda xanımların hər birinə gül dəstələri, qiymətli hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.