"29 il öncə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi Prezident seçməklə dövlət müstəqilliyimizin qorunub saxlanmasına və davamlı inkişafa səs vermişdi".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.
Deputat qeyd edib ki, bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ilk dəfə prezident seçilməsindən 29 il ötür:
"Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə, yəni 90-cı illərin əvvəlləri ilə müqayisə etdikdə hansı çətinlikləri arxada qoyduğumuzu və bu günümüzü kimə borclu olduğumuzu daha dərindən dərk edirik.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bəlkə də, Azərbaycan hər hansı ölkənin tabeliyində yarımmüstəmləkə kimi yaşaya bilərdi. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən göz önünə ilk olaraq xilaskarlıq missiyası gəlir.
Bu gün Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb. Ulu Öndər Heydər Əliyev Azərbaycanda demokratik cəmiyyətin yaradılması istiqamətində mühüm addımlar atdı. O, mühüm demokratik məzmunlu dəyişikliklərin təşəbbüskarı idi. Ümummilli Liderin Fərmanı əsasında mətbuatın üzərindən senzura götürüldü, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Belə ki, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi onlarla islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi. Ulu Öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycana və onun inkişafına, tərəqqisinə həsr edib. Bir sözlə, tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir".
Deputat vurğulayıb ki, 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu:
"Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren faktoruna çevrildi. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ən önəmlisi isə, Heydər Əliyev sovet dövründə istər ölkəmizə rəhbərlik edərkən, istərsə də Moskvada çalışarkən Qarabağın inkişafına çox böyük diqqət və qayğı göstərib.
Bu gün onun siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və qalib gəlir. Məhz həmin siyasətin nəticəsidir ki, bu gün Azərbaycan öz gücü ilə 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü bərpa etdi. 44 günlük müharibədə Böyük zəfərə imza atan Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. Vətən müharibəsində əldə edilən zəfərin əsasında da Heydər Əliyev siyasətinin təntənəsi dayanır. Bundan sonra da Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin ideyalarından gələcək nəsillərimiz bəhrələnəcək və onun xatirələri xalqımızın qəlbində daim yaşayacaq".