Müstəqilliyini əldə etdikən sonra Azərbaycanda 1993-cü ildən başlayaraq bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də müsbət inkişaf dinamikası müşahidə olunurdu. Həyata keçirilən məqsədyönlü siyasətin əsas fəlsəfəsi Azərbaycanın malik olduğu öz potensial və daxili imkanlarını daha da genişləndirməsinə yönəlmişdi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə neft və qaz sənayesinin inkişafı ilə yanaşı, qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı sahəsinin iqtisadiyyatımızda payı əhəmiyyətli dərəcədə artmağa başladı. Hələ sovetlər dönəmində Ümummilli Lider çox böyük məharət və bacarıqla keçmiş SSRİ rəhbərlərinin diqqətini Azərbaycanın kənd təsərrüfatının inkişaf etdirilməsinə yönəltmiş, respublikaya texnika, yanacaq, ehtiyat hissələri, tikinti materialları, mineral gübrə, kimyəvi preparatların gətirilməsinə nail olmuşdu.
Kənd təsərrüfatı sahəsində müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin gördüyü işlərdən bəhs etmək, regionlarda təbliğ etmək məqsədilə 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev 01 mart 2023-cü il tarixində Göyçay və Ağdaş rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərinin kollektivi, rayon zəhmətkeşləri, fermerlərlə “Heydər Əliyev və aqrar siyasət” mövzusunda görüşlər keçirib.
Görüşlər Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başalnıb.
Sonra M.Əfəndiyev çıxış edərək ilk növbədə Azərbaycanda kənd təsərrüfatı sisteminin inkişaf tarixindən söz açdı, Azərbaycan Xalq Cümhuriyyəti və Sovetlər dönəmindəki inkişaf mərhələlərindən, qəbul edilən qərarlardan bəhs etdi.
Daha sonra kənd təsərrüfatı sahəsinin Heydər Əliyev dövrünə nəzər yetirən millət vəkili qeyd edib ki, məhz Ulu Öndər xalqımızın əvəzsiz sərvəti olan torpaqdan və xüsusilə əkinçiliyin qızıl fondu sayılan suvarılan torpaqlardan daha səmərəli, daha təsərrüfatçılıqla istifadə etməyin forma və metodlarını öyrətdi. Azərbaycanda kənd təsərrüfatını sürətlə inkişaf etdirməyin mümkünlüyünü sübut etdi, bu sahədə, sözün əsl mənasında, dönüş yaratdı.
“Ölkəmizə rəhbərlik etdiyi ilk dövrdə Ulu Öndərin səyləri nəticəsində SSRİ rəhbərliyinin diqqətindən kənarda qalmış Azərbaycanın kənd təsərrüfatını inkişaf etdirmək haqqında geniş tədbirlər planı hazırlandı. Müstəqillik illərində isə, 1993-cü ildə bu gün də fəaliyyətini davam etdirən Kənd Təsərrüfatı Nazirliyi yaradıldı”.
Eyni zamanda deputat bu gün həyata keçirilən işlərin Prezident İlham Əliyevin rəhbərliyi altında layiqincə, uğurla davam etdirildiyini qeyd edərək Azərbaycan Respublikası Prezidentinin aqrar sahənin inkişafı ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlardan bəhs etdi.
Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən, Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, o cümlədən aqrar sahənin şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açdılar.
Görüşlərin rəsmi hissəsi başa çatdıqdan sonra xatirə şəkili çəkdirildi. Sonda tədbir iştirakçıları görüşün baş tutması ilə bağlı təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildirdilər.