Heydər Əliyev və Azərbaycan dövlətçiliyi

Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümummilli liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi müddətdə gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir.
Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir.
Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik kəlamı dillər əzbəri olmuş, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir.
Bizim milli dövlətçilik tariximizdə möhtəşəm yer tutan müstəqil Azərbaycan Respublikasının fərqli cəhəti dövlət quruculuğunu şərtləndirən əsas amillərdən biri kimi onun milli dövlət olmasıdır. Uzun illər öz dövlətçiliyindən və milli mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində Heydər Əliyevin əməli fəaliyyəti və ideya-siyasi baxışlarının çox böyük rolu olmuşdur.
Ümummilli Lider, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlimi - dövlət siyasəti səviyyəsinə qaldırılmış azərbaycançılıq ideologiyasını yaratmağa müvəffəq olmuşdur. Ayrıca olaraq xüsusi vurğulanmalıdır ki, başqa sahələrdə olduğu kimi, milli ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini qoruya bilmiş və vaxtilə məhz birləşdirici ideya kimi irəli sürülmüş azərbaycançılıq ideologiyasını mükəmməl bir təlim kimi ölkənin dövlət siyasətinə çevirmişdir.
Azərbaycanın mürəkkəb və taleyüklü tarixi dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Heydər Əliyevin müstəqil dövlət təlimi və onun ayrılmaz tərkib hissəsi olan bu ideologiyanın həyata keçirilməsi müstəqil dövlətimizin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir. Buna görə də bu gün elm və mədəniyyətə, vətənpərvərlik tərbiyəsinə, xalqımızın tarixi irsinə yetirilən diqqət dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub Heydər Əliyevin dövlətçilik təliminin yaradıcı şəkildə inkişafının təzahürü kimi özünü göstərir.
Ona görə də bu gün dövlət quruculuğundan danışarkən, heç şübhəsiz, ilk yada düşən Heydər Əliyevin bu sahədəki danılmaz fəaliyyəti və əsasını qoyduğu siyasi xətdir. Doğrudan da, məhz Ulu Öndərin ikinci dəfə xilaskarlıq missiyası ilə hakimiyyətə dönüşündən sonra Azərbaycanda bütün atributlara malik güclü dövlətin formalaşması prosesinə start verildi. Dövlət quruculuğu və onun hüquqi təminatı uğurlu istiqamət üzrə davam etdirildi.
Mütərəqqi dövlətçilik prinsiplərinin bərqərar olması üçün Heydər Əliyevin əsas amalı dövlət işini ümumxalq işinə çevirmək idi.
Heydər Əliyevin yüksək dövlətçilik anlayışı həm də onunla səciyyələnir ki, o, öz baxışlarında siyasəti iqtisadiyyatdan, mədəniyyətdən, milli-mənəvi dəyərlərdən təcrid etmirdi. Onun özünün bir şəxsiyyət və lider kimi hərtərəfli hazırlıqlı olması, bütün sahələrdə yüksək intellektual səviyyəyə malik olması daxili və xarici siyasət kurslarının da bir-birini üzvi şəkildə tamamlayaraq vəhdət şəkildə həyata keçirilməsinə imkan verirdi. Bu gün hər kəs böyük məsuliyyət hissi ilə dərk edir ki, bütün sahələr üzrə Azərbaycanın öz maraqlarına uyğun işlənib - hazırlanmış müstəqil inkişaf kursu məhz Heydər Əliyev dühasının məhsuludur. İstər böyük və ya kiçik, uzaq və ya da yaxın dövlətlərlə, istərsə də iqtisadi və mədəni - mənəvi sahələrdəki tərəf - müqabillərlə münasibətdə Azərbaycan ilk növbədə öz milli maraqlarından çıxış edir. Həm də bu maraqların rəhbər tutulması elə incə siyasətlə həyata keçirilir ki, böyük dövlətlərin və qonşuların maraqları ilə birbaşa ziddiyyət təşkil etməsin.
Beləliklə, Azərbaycanın müstəqillik dövründə əldə etdiyi ciddi uğurlar, sürətli iqtisadi inkişaf yolu ilə bölgədəki stabil lider mövqeyi məhz Heydər Əliyevin müəyyən etdiyi dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi ilə bilavasitə bağlıdır.
Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan bütün nailiyyətlərinin, zəfərlərinin təməlində xalqımızın bu günü və gələcəyi üçün yeganə düzgün yolu nurlandıran Heydər Əliyev siyasəti dayanır. Məhz bu siyasət müsəqilliyimizin və inkişafımızın əbədi rəhnidir.

Əminə Ağazadə 
Milli Məclisin deputatı