İsmayıllı rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər proqramına uyğun olaraq İsmayıllı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Millət Vəkilləri Novruzəli Aslanov, Tahir Kərimli, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti iştirak edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi gül dəstələri ilə ziyarət olunub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Daha sonra rayonun gənc və həvəskar rəssamlarının Heydər Əliyevə həsr olunmuş əl işlərindən ibarət sərgilərinə baxılıb. Həmçinin “Heydər Əliyev kəlamları” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra dahi şəxsiyətin həyat və fəaliyyətindən bəhs edən filmə baxılıb.
Tədbirdə RİH başçısı Nahid Bağırov məruzə ilə çıxış edib. O bildirib ki, 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayan Ulu Öndərin adı xalqımızın tarixinə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edilib. Azərbaycanın son onilliklər ərzində qazandığı bütün uğurlarda Heydər Əliyevin imzasının olduğunu, ona görə də Ulu öndərin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərinin minnətdarlıq hissi ilə xatırlandığını diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin 1969-1982 və 1993-2003-cü illəri əhatə edən hər iki dövrünün milli intibah dövrü kimi səciyyələndiyini vurğulayıb. Dahi liderin rəhbərliyi ilə ölkəmizdə sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində əldə edilən böyük uğurlardan bəhs edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu öndərin siyasi kursunu, qəti və prinsipial mövqeyini davam etdirməklə xalqın böyük etimadını qazandığını, qısa müddət ərzində əhalinin rifah halının yaxşılaşmasında mühüm rol oynayan tədbirlər həyata keçirdiyini, iqtisadi inkişaf sürətinə görə Azərbaycanın regionda lider dövlətə, beynəlxalq aləmdə nüfuz və söz sahibinə, beynəlxalq səviyyəli tədbirlərin, idman yarışlarının keçirildiyi məkana çevirildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Millət Vəkilləri Novruzəli aslanov, Tahir Kərimli, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov “Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunədir və unudulmaz tarixdir. ötən illər ərzində Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qaldığını və onu inkişaf etdirdiyini diqqətə çatdıran natiqlər, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqilliyin əbədi, dönməz və sarsılmaz olduğunu xüsusi vurğulayıblar.
Sonda Ümummilli Liderə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı musiqi parçası səsləndirilib.