“HEYDƏR ƏLİYEV VƏ Gənclər siyasəti”

Hər bir xalqın inkişafında sağlam, vətənpərvər gənclik mühüm rol oynayır. Dövlətçiliyin, müstəqilliyin möhkəmlənməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli gənc kadrların yetişib avanqard qüvvəyə çevrilməsindən çox asılıdır. Gənc nəslin tərbiyəsi isə ailədə, yaşadığı mühitdə və ümumtəhsil müəssisələrində formalaşır. Bu sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.
 

Azərbaycan gəncliyi tarixin bütün dövrlərində cəmiyyətin həyatında mühüm rol oynamış, əldə etdiyi uğurlarda gənclərin əməyi olmuşdur. Sovet imperiyasına qarşı azadlıq mübarizəsinin, Qarabağ hadisələri ilə bağlı təşəkkül tapmış xalq hərəkatının ön sıralarında gənclərimiz getmişlər. Lakin 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində ölkəmizdə hökm sürən hərc-mərclik, qeyri-sabitlik şəraitində dövlət səviyyəsində gənclərlə bağlı, demək olar ki, heç bir iş aparılmır, gənclər siyasəti başlı-başına buraxılmışdı.

Hakimiyyət hərc-mərcliyi, siyasi qeyri-sabitlik və bütün bunların məntiqi nəticəsi olaraq torpaqlarımızın bir hissəsinin işğalı gənclərimiz arasında pessimist əhval-ruhiyyənin artmasına, milli dövlət məsələlərinə laqeyd münasibətin formalaşmasına, vətənpərvərlik hisslərinin azalmasına gətirib çıxarmışdı.

Yalnız 1993-cü ilin iyununda xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra Azərbaycan anarxiya və özbaşınalıq məngənəsindən çıxa bildi. Həmin həyəcanlı günlərdə Heydər Əliyev xalqın çağırışına səs verərək, xilaskarlıq missiyasını öz üzərinə götürdü, ölkəni vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas etdi.

Böyüməkdə olan nəslin və gənclərin mənəvi-etnik tərbiyəsinin möhkəmləndirilməsi məsələsi dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. Heydər Əliyevin hələ 70-ci illərdə gənclərlə bağlı həyata keçirdiyi ideya və proqramlar artıq yeni, müasir şəraitdə konkret işlərdə təzahür etməyə başladı. Gənclər siyasəti sahəsində sabit tərəqqi təmin edildi, dövlət gənclər siyasətinin milli hüquqi – qanunvericilik bazası formalaşdırılmağa başlandı. Tam əminliklə demək olar ki, Azərbaycan tarixində gənclərlə bağlı vahid dövlət siyasəti məhz 1993-cü ildən həyata keçirilməyə başlanılmış və bu iş bilavasitə Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk anlardan Heydər Əliyev atdığı hər addımında, qəbul etdiyi hər qərarında öz xalqına, onun gəncliyinə güvənmiş, gənclərin enerjisinə, gələcəyə olan böyük ümidlərinə istinad etmişdir.

Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-mədəni həyatında gənclərin fəal iştirakının təmin olunması, onların sosial-mənəvi ehtiyaclarının ödənilməsi, gələcəyin layiqli vətəndaşları kimi formalaşmaları üçün onlara münbit şərait yaradılması, bütövlükdə gənc nəslə diqqət və qayğının artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirməsi Heydər Əliyevin dövlət rəhbəri kimi çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edirdi.

Bütövlükdə, 1993-2003-cü illərdə Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində mühüm təcrübə qazanılmışdır.
Biz gənclər dövlətimiz tərəfindən gəncliyə göstərilən diqqət və qayğını daim üzərimizdə hiss edirik. Etimadı doğrultmaq isə bizlərin vətəndaşlıq borcudur.
 
Bu gün tərtərli fəal gənc olaraq Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvüyəm. Şura üzvləri ilə birlikdə daim rayon ictimaiyyəti arasında olur, vətəndaşların eləcədə rayon gənclərinin rastlaşdıqları problemləri ictimai şuranın yığıncaqlarında rayon rəhbərinə çatdırır, həlli yolunda müəyyən edilmiş işlərin görülməsində yaxından iştirak etməyi özümə borc bilirəm.
 
İctimai fəal gənc olaraq söz verirəm ki, bundan sonra da tərtərli gənclər Respublika prezidenti – Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ölkə rəhbərinin bizə olan etimadını doğruldacağıq.
 
Tərtər Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın üzvü: Orxan  Mustafazadə