“Heydər Əliyev və İKT sisteminin inkişafı” mövzusunda görüş 

16 fevral 2023-cü il tarixində 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Aztelekom” MMC-nin Aran Regional Filialının kollektivi ilə “Heydər Əliyev və İKT sisteminin inkişafı” mövzusunda görüş keçirib.

Görüşün əvvəlində Ümummili Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, bir dəqiqəlik sükutla Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi yad olunub.

Sonra Ulu Öndərin həyat fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi, eyni zamanda poçt və rabitə işçilərinin Nazirliyin inkişaf yolu ilə bağlı məruzələri dinlənildi.

Daha sonra deputat Azərbaycanda rabitənin inkişaf tarixindən söz açaraq Azərbaycanda bütün sahələrdə olduğu kimi rabitənin inkişafında da Heydər Əliyev mərhələsinin mövcud olduğunu qeyd etdi, belə ki, yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə bərabər rabitə də güclü inkişaf yoluna qədəm qoydu.

Çıxışı zamanı müstəqillik illərində bu sahənin sürətlə inkişaf etdiyini vurğulayan M.Əfəndiyev Ulu Öndər Heydər Əliyevin 17 fevral 2003-cü il tarixində "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003—2012-ci illər)" təsdiq edilməsi haqqında Sərəncamın əhəmiyyətindən bəhs etdi: “Məhz o dövr ərzində respublikada İKT sahəsində reallaşdırılan siyasət məhz bu strategiyanın üzərində qurulmuşdu”.

“Dünyamızın sürətlə dəyişdiyini, yeni çağırışların qarşımıza qoyduğu tələbləri nəzərə alaraq Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, zəngin və şərəfli yol keçmiş İKT sistemi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni müstəvidə inkişaf etdirilir”.

Millət vəkili bu istiqamətdə Cənab Prezidentin Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında 2014-cü il tarixli Sərəncamını xüsusi qeyd etdi.

Görüşün sonunda xatirə şəkli çəkdirildi, “Aztelekom” MMC-nin Aran Regional Filialının kollektivi təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlığını bildirdi