Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü xalqımız ölkəmiz üçün Zəfər tarixi kimi yaddaşlara yazılan bu əlamətdar dövrdə – doğma Qarabağımızın yenidən çiçəklənməsi və Böyük Qayıdışla qeyd edir.
Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik bir insan olan Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli Sərəncam imzalanmışdır.
Həmin Sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsinə dəstək olmaq məqsədilə 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev 15 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay və Ağdaş rayon şöbələrinin şəxsi heyəti, eyni zamanda qazi və müharibə veteranları ilə “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda görüşlər keçirib.
Görüşlərdən öncə millət vəkili Xidmətin şəxsi heyəti ilə birlikdə Ümummili Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Tədbirlər Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət himnin səsləndirilməsi ilə başlanıb.
Çıxış edən M.Əfəndiyev 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin böyük risklərə baxmayaraq ölkəmizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdüyünü bildirdi. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Respublikamızda Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə dövlətçiliyin xilas edildiyini qeyd etdi.
Sonra Azərbaycanda ordu quruculuğunun tarixindən bəhs edən deputat nizami ordunun yaranmasının məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladı: “Ulu Öndərin uzaqgörən siyasəti Azərbaycanda hərbiyə marağın artmasına, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Heydər Əliyevin 24 noyabr 1997-ci il tarixli Sərəncamı ilə yaradılan C. Naxçıvanski adına Hərbi Lisey Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi, müasir Azərbaycan Silahlı Qüvvələrinin əsasını təşkil edən zabitlər yetişdirdi. Bu gün isə bu işlər Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdrilir, Ordumuz 44 gün ərzində öz gücünü bütün dünyaya nümayiş etdirdi”.
Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan və ordu quruculuğu istiqamətindəki tarixi fəaliyyətindən söz açıblar. Qeyd olunub ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Görüşün rəsmi hissəsi başa çatdıqdan sonra xatirə şəkli çəkdirildi. Sonda tədbir iştirakçıları görüşün baş tutması ilə bağlı təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildiriblər.