“Heydər Əliyev və vergi siyasəti” mövzusunda görüş

16 fevral 2023-cü il tarixində 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarisinin kollektivi ilə “Heydər Əliyev və vergi siyasəti” mövzusunda görüş keçirib.

Görüşdə ilk növbədə Ümummilli Liderin vergi sisteminin inkişafına verdiyi töhfələri ilə bağlı məruzə dinlənilib.

Sonra çıxış edən M.Əfəndiyev Azərbaycanda vergi sisteminin XX əsrdən başlayan inkişaf tarixindən söz açaraq Azərbaycanda bütün sahələrdə olduğu kimi vergi sahəsinin inkişafında da Heydər Əliyev mərhələsinin mövcud olduğunu qeyd etdi.

Müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda bazar iqtisadiyyatının inkişaf etməsi ilə vergiqoymanın qanunvericilik bazasının təkmilləşdirilməsinin zərurətini vurğulayan deputat Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına məhz Ümummilli Lider Heydər Əliyevin bilavasitə tapşırığı əsasında başlanıldığını bildirdi: “2001-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsi müstəqil Azərbaycanın həyatında yeni hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış mühüm addımlardan biri kimi tarixə düşüb”.

Eyni zamanda bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərində, dövlət büdcəsinin formalaşmasında Dövlət Vergi Xidmətinin əhəmiyyəti xüsusi qeyd olundu.

Daha sonra millət vəkili Milli Məclisdə üzvü olduğu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən müzakirə olunan qanun layihələri, xüsusilə Vergi Məcəlləsində edilən dəyişikliklər barədə İdarənin əməkdaşları ilə geniş fikir mübadiləsi apardı, iştirakçılar tərəfindən səsləndirilən məsələlər qeydiyyata götürüldü.

Qarşılıqlı müzakirələrin sonunda görüşün yekun nitqi səsləndirildi, xatirə şəkli çəkdirildi. Sonda Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarisinin kollektivi təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlığını bildirdi.