Heydər Əliyevin hüquqi dövlətçilik irsi

Ulu Öndərin dövləti və xalqı üçün xidmətlərini bir çıxışla və bir iclas çərçivəsində tam olaraq çatdırmaq qeyri-mümkündür. Çünki H.Əliyevin azərbaycan xalqı üçün xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir.

Bu gün qısa olaraq 1993-2003-cü illəri əhatə Ulu Öndərin Azərbaycan Respublikasının hüquq siyasəti və dövlət quruculuğu işində həyata keçirdiyi fundamental islahatlarından qeyd etmək istərdim.

Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyev üçün dövlətin daxili siyasətində həyata keçirilməli olan ən əsas məsələ xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaq idi. Ulu Öndər, siyasi təcrübəsi, vətənpərvərliyi, iradəsi, dərin biliyi sayəsində dövlətimizi vətəndaş müharibəsi təhlükəsindən, ictimai, siyasi və iqtisadi böhran vəziyyətindən xilas edərək ölkədə ilk növbədə qanunçuluğu bərqərar etdi. Qanunun aliliyinə təminat verən Konstitusiya qəbul edildi.

1995-ci il 12 noyabr tarixində ümümmilli referendumda qəbul edilən Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması kimi çox məsuliyyətli işi H.Əliyev öz üzərinə götürərək komissiyaya şəxsən sədrlik etmişdir. Azərbaycan Konstitusiyasının müəllifi hesab edilən Ulu öndər Konstitusiyanın bütün mətninin, xüsusilə də III fəslinin, yəni Əsas İnsan və vətəndaş hüquqları və azadlıqlarını ehtiva edən maddələrin hər bir cümləsinin redaksiyasına xüsusi diqqət vermişdir. Nəticədə H.Əliyevin rəhbərliyi ilə üçdə biri insan hüquqlarını bəyan edən mükəmməl normativ-hüquqi akt hazırlanmışdır.

Bundan sonra ümummilli liderin təşəbbüsü ilə yeni məhkəmə sistemi formalaşdırıldı, həmçinin konstitusiya nəzarəti orqanı olan Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradıldı. Əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək olan Konstitusiya Məhkəməsinin yaradılması insan hüquq və azadlıqlarını müdafiə edilməsi üçün çox zəruri idi.

Hüquq mühafizə sistemi kimi çətin və məsuliyyətli sahənin təşəkkülü də məhz Ulu öndərin adı ilə bağlıdır. Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi ölkəmizdə insanların dinc və təhlükəsiz yaşamasını təmin etdi. Digər tərəfdən isə dövlətin cinayət-hüquqi siyasətində əsaslı dəyişikliklər edildi, Əfv institutu bərpa olundu, Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edildi. Belə ki, hələ 1993-cü ildə humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutan Ulu Öndərin ölkəyə rəhbərliyə başlamasından sonra ölüm cəzasının icrasının üzərində moratorium qoyuldu. 3 fevral 1998-ci ildə isə H.Əliyev Milli Məclisə müraciət edərək, ölüm cəzasının ləğv edilməsinin zəruriliyini əsaslandırdı. Milli Məclis öz növbəsində dövlət başçısının təklifini dəstəkləyərək, “Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 10 fevral 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununu qəbul etməklə bu cəza növü ləğv edildi.

Ulu Öndər ölüm cəzasının ləğvinə dair milli hüququn mühüm aktlarının qəbulu ilə yanaşı, bu sahədə əsas beynəlxalq sənədlər olan Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Fakültativ Protokoluna, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 nömrəli Protokoluna ölkəmizin qoşulmasının da təşəbbüskarı olmuşdur.

Həmçinin H.Əliyevin 22 fevral 1998-ci il tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanının əhəmiyyəti də qeyd edilməlidir. Belə ki, həmin Fərmanla Qanun layihələrinin hazırlanması və qanunların qəbul edilməsi zamanı Konstitusiyada əks etdirilmiş insan hüquq və azadlıqların əsas meyar kimi rəhbər tutulması Milli Məclisə tövsiyə edilmiş, Azərbaycanda İnsan hüquqları üzrə müvəkkil təsisatının yaradılması ideyası da ilk dəfə məhz bu fərmanla verilmişdir.

Ulu Öndərin Azərbaycan Respublikasının Prezidenti kimi qanunvericilik təşəbbüsü ilə Milli Məclis tərəfindən bir çox mühüm normativ-hüquqi aktlar qəbul edilmişdir. Burada yeni – Mülki, Mülki Prosessual, Cinayət, Cinayət-Prosessual, Seçki, Əmək, Ailə və digər məcəllələrin qəbulu xüsusi qeyd edilməlidir.

Əminliklə deyə bilərik ki, xalqımızın müstəqil, demokratik, qanunların aliliyinə əsaslanan hüquqi dövlətdə yaşamaq arzusunu məhz H.Əliyev reallığa çevirdi.

Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin xüsusilə də son dövrlərdə dövlətimizin hüquq siyasətində həyata keçirdiyi islahatlar, həmçinin sosial-iqtisadi islahatlar haqqında da qısa qeyd etməyim zəruridir. Cənab Prezidentin son illərdə imzaladığı Fərman və Sərəncamları ilə cəza siyasətinin humanistləşdirilməsi, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, iqtisadi sahədə törədilən cinayətlərin dekriminallaşması, mediasiya institutu, Açıq hökümətin təşfiqinə dair, eyni zamanda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” ölkəmizin hüquq siyasətində fundamental islahatlarının başlanmasının əsasını qoydu. Sosial-iqtisadi islahatların yalnız bir məqsədi vardır: hər bir Azərbaycan vətəndaşının layiqli həyat səviyyəsini təmin etmək. Sözsüz ki, bu tədbirlər o qədər əhatəli və davamlıdır ki, onları bütövlükdə qeyd etmək mümkün deyil.

Qeyd etmək istəyirəm ki, son illərdə dövlətimizdə həyata keçirilən iqtisadi islahatlar da məhz hüquqi islahatlarla müşayiət olunmuşdur və 6-cı çağırış Milli Məclis tərəfindən müvafiq qanunlar qəbul edilərək, bu proses dəstəklənmişdir.

 

 

Əminə Ağazadə,

Milli Məclisin deputatı