“İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalı mötəbər mənbəyə çevrilib”.
Bu barədə baş prokurorun müavini Heydər Məmmədov Azərbaycan qəzetində dərc olunan “İnsan hüquqlarının müdafiəsini şərtləndirən əsaslar: Hədəflər və çağırışlar” adlı məqalədə qeyd edib.
Bildirilib ki, son illərdə Baş Prokurorluqda aparılmış geniş islahatlar nəticəsində prokurorluq orqanları insan hüquqlarının müdafiəsi sahəsində öz fəaliyyətini müasir çağırışlara uyğun, çevik və dinamik şərtlər əsasında quraraq uğurla həyata keçirir.
Bu məqsədlə Baş Prokurorluq tərəfindən 3 000-dək müxtəlif hüquqi materialı əhatə edən İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalı (İHSAP) yaradılıb.
Portal prokurorluq işçiləri, vəkillər, hakimlər, hüquqşünaslar tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası, “Mülki və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktlar, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, insan hüquq və əsas azadlıqlarının müdafiəsinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr və onlarla əlaqəli olan beynəlxalq hüquqi sənədlər, xarici ölkələrin konstitusiya nəzarəti orqanlarının məhkəmə təcrübəsi, elmi-metodiki, informativ ədəbiyyatlar, hüquqtətbiqetmə prosesində tövsiyələr və digər beynəlxalq təcrübə, nəzəri məsələlər üzrə faydalı məlumatların asanlıqla əldə edilməsi və təcrübədə tətbiqi məsələlərini əhatə edir.