Həzi Aslanovun xatirəsi anıldı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları kitabxanada həyata keçirilən “Yubileylər silsiləsi” layihəsi çərçivəsində iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı, tank qoşunları general-mayoru Həzi Aslanovun 115 illik yubileyi ilə əlaqədar qəbirüstü abidəsini ziyarət etdilər. 
Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları da iştirak etdilər. Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı Abdulla Qurbani Həzi Aslanovun həyatı və keçdiyi döyüş yolundan məlumat verdi. Qeyd olundu ki, Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidliyə görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni kavaleri və medallarla təltif olunmuşdur. 
Q.Musabəyov adına 3 №-li kitabxana filialının müdiri Arzu Xudayarova “Həzi Aslanov – 115” adlı videoçarx  hazırladı. Videoçarx iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 115 illik yubileyinə həsr edilib.
Videoçarxda Həzi Aslanov haqqında məlumat verilir, onun təltifləri və həyatı ilə bağlı fotolar nümayiş edilir.
Azərbaycan xalqı, dövlətimiz ağır müharibə cəbhələrində şanlı döyüş yolu keçən sərkərdə oğullarını unutmur, onların adları daim əbədiləşdirilir.
Videoçarx kitabxananın YouTube kanalında keçiddə nümayiş olunur:

https://www.youtube.com/watch?v=Kwle_yMHTEk