Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli bu gün səhər saatlarında ürək çatışmazlığından vəfat edib.
Modern.az onun yaxın dostlarından olan sabiq deputat Hüseynbala Mirələmovla əlaqə saxlayıb.
O, dostunun ölüm xəbərindən sarsıldığını söyləyib:
“Dünən gecə onunla telefonda danışmışdıq. Oradan-buradan söhbət etdik. Bu gün məni yuxudan oyatdılar ki, internetdə Hadının öldüyünü yazıblar. Əvvəlcə inanmadım, dedim elə şey ola bilməz. Tez mərhumun kürəkəninə zəng elədim. Mənə ağlaya-ağlaya dedi ki, Hadı müəllim yıxılıb qalıb. Bu adam hər gün 30-35 dəqiqə idman edirdi. Biz orta məktəbi bir yerdə oxumuşduq. 15 il Milli Məclisdə yanaşı əyləşmişdik. Bu xəbər məni çox üzdü, kövrək və yandırıcı izlərlə qalacaq xatirəmdə. O, çox qıvraq adam idi. Yeriyəndə şux yeriyirdi. Hamı ona həsəd aparırdı”.
H.Mirələmov deyib ki, Hadı Rəcəbli dövlətini, vətənini sevən adam olub:
“Milli Məclisdə komitə sədri olanda hansısa nazirliyin nöqsanlarını da üzərinə götürürdü, deyirdi mənəm günahkar, mən düzgün etməmişəm. Çox vətənsevər idi. Allah rəhmət eləsin!”