İctimai Fikir Akademiyasında MEDİA müzakirələri

Milli Cəbhə (MCP) Partiyası yanında fəaliyyət göstərən İctimai Fikir Akademiyası “Media azadlığı” mövzusunda tədbir keçirib.

Cebhe.info xəbər verir ki, tədbirdə tanınmış, təcrübəli media nümayəndələri, rəhbərləri, ekspertlər və MCP üzvləri iştirak ediblər.

Tədbiri giriş sözüylə MCP sədrinin müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev açıb. O, tədbirdə mətbuat azadlığının, informasiya savaşında Azərbaycanın mövqeyinin, KİV-in cəmiyyətimizdəki rolunun müzakirə ediləcəyini bildirib.

Daha sonra çıxış edən Əməkdar jurnalist Qulu Məhərrəmli bir çox məsələlərə toxunaraq informasiyasız yaşamağın mümkün olmadığını bildirib:

"Dünya niyə mətbuat azadlığı gününü qeyd edir? Biz informasiya cəmiyyətində yaşayırıq. Bizim üçün informasiyasız yaşamaq mümkün deyil. ABŞ kimi dövlətdə əhalinin 80%-dən çoxu informasiya-kommunikasiya sahəsində çalışır. Bu gün məlumat bir əmtəədir. Bu gün Qərb Ukraynaya silahlar verir. Amma Ukrayna üçün o silahlardan daha önəmli olan kəşfiyyat məlumatlarıdır, Rusiyanın hərbi, iqtisadi, siyasi strategiyaları ilə bağlı informasiyalardır. Yəni bu gün məlumat silah qədər önəmlidir.

Mətbuat azadlığı ona görədir ki, məlumatın oksigenini təmin eləsin. Havasız yerə düşəndə insan nə qədər qışqırsa da səsi çıxmayacaq. Məlumat da belədir, əgər azadlıq yoxdursa, sən informasiyanı verə bilmirsənsə, qəzetində yaza bilmirsənsə, televiziyada çatdıra bilmirsənsə, saytında yaza bilmirsənsə, deməli, onun fəzası yoxdur. Ona görə bütün ölkələrə bəyan etdilər ki, mövcud rejimlər, hakimiyyətlər söz və mətbuat azadlığını təmin etsin.

Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? O yerdə ki, internet var, o yerdə ki, internetin media profilləri inkişaf edib, yəni bu gün "YouTube" kanalları, saysız-hesabsız saytlar var, bu, mətbuat azadlığının mövcudluğunun çox ciddi göstəricisidir.

Amma indi bizdə parlaq, azad qəzet yoxdur, yaxud olanlar lazımı səviyyəyə çıxa bilmir. Amma onun əvəzində saytlar var. Bəs interneti KİV hesab etmək olarmı ? Həm olar, həm olmaz. O yerdə ki, əhalinin 90 %-nin telefonundan sürətli internetə çıxışı varsa, orda internet KİV-dir. Harda ki, belə deyil, deməli ,internet KİV ola bilməyib.

Mətbuat xalqın adından hökumət üzərində ictimai nəzarətçidir. Aparıcı qəzetlər olmalıdır. İnternet nə olur-olsun, mötəbər məndə sayılmır. Bu gün interneti bloklamaq mümkündür.

Jurnalistin ilk prinsipi həqiqətə xidmətdir. Sonuncu prinsip jurnalist azadlığının qorunmasıdır. Keyfiyyətli media, keyfiyyətli jurnalist, keyfiyyətli informasiya olmalıdır".

Daha sonra çıxış edən MCP sədri deputat Razi Nurullayev medianın sensasiya dalınca qaçdığını deyib:

“Bu günlərdə yazıçı Məmməd Orucun “Oyun havası” əsərini oxudum. Orda bir fikir məni cəlb etdi. Deyilir ki, məqalə və ya kitab kütlənin marağına və məntiqsiz ehtiyacına uyğun yazılırsa, mən o yazıdan iyrənirəm. Çünkü onda sən ziyalılığını itirirsən.

Ziyalının, ekspertin, siyasətçinin, bizlərin vəzifəsi nədir ? Xalq yetişdirmək. Amma zamanında siyasəti öldürmək, siyasəti zəiflətmək üçün ucuz şoulara şərait yaradıldı ki, insanların diqqətini yayındırsınlar. İnsanların diqqəti yayındı və artıq siyasi verilişlərə baxan olmadı. Amma şoulara minlərlə insan baxırdı. İndi vəziyyət dəyişdi. Çünkü həmin aparılan siyasət birbaşa iqtidarın öz ziyanına da işləməyə başladı”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, azad medianın səsinin batmasına gətirib çıxaran boşluqlardan danışıb:

“Bu boşluqları da burda haqqında danışılan digər faktorlar doldurur. Bu həssas nöqtəni unutmaq lazım deyil. Qızıl ortanı qoruyub saxlamaq lazımdır. Bu problemləri inzibati resurslarla yox, daha çox özünü tənzimləmə mexanizmləri ilə aradan qaldırmağa çalışmaq lazımdır. Müvafiq institutlar var, mövcud olub, amma onlar öz səlahiyyətlərini bu istiqamətdə, hansı formada yerinə yetiriblər, bu, müzakirə mövzusudur.

Son zamanlar Media İnkişafı Agentliyi peşə etikası və redaksiya siyasətiylə bağlı bir təşəbbüslə çıxış etdi. Üstün cəhəti ondan ibarətdir ki, kiminsə qarşısına məcburi şəkildə bir sənəd qoyulub, onun imperativ şəkildə yerinə yetirilməsi tələbi yoxdur. Hər bir redaksiyaya özünün redaksiya siyasətini müəyyənləşdirməsinə imkan verilir. Peşə etikası da mahiyyət etibarı ilə dünyanın hər yerində eynidir, bunun yenisini kəşf etməyə gərək yoxdur. Media özü bilərəkdən, məqsədyönlü şəkildə bu öhdəliklərini öz üzərinə götürür.

Azərbaycanda çap mediasının durumu bir neçə il öncəylə müqayisədə yaxşıdır. Ən azı polioqrafik səviyyədə. Amma hər şey yaxşı deyil. Buna mane olan amillərin içində redaksiyaların tərkibindən başlamış, jurnalistlərin peşəkarlığına, ixtisaslaşmaya qədər və digər məsələlər var. Bir jurnalist həm siyasi təhlil, həm sosial problemlər, həm mədəniyyət xəbəri, həm də iqtisadiyyatdan yazırsa, onun yazdığı peşəkar məhsul sayıla bilməz və bu məhsul da cəmiyyətə fayda verə bilməz. Digər bir məsələ, biz cəmiyyətə obyektiv informasiya verməliyik, həm reputasiyamızı qorumalı, ictimai maraqları müdafiə etməli və həm də gəlir əldə etməliyik. Buna görə də medianın üzərində böyük bir yük var".

Cebhe.info saytının və "Cümhuriyət" qəzetinin baş redaktoru Rəfail Becanov bildirib ki, media bütün cəmiyyətlərin diqqət mərkəzində olan bir subyektdir:

“Hər yerdə də tənqid olunur, hədəfə alınır, yaxud təriflənir. Amma bütün azadlıqların mütləq bir sərhədi var, o cümlədən medianın. Biz o sərhədləri keçə bilmirik, nə burda, nə də digər ölkələrdə. Məsələn, İraq müharibəsi zamanı mediadan informasiya alırdıq ki, Səddam Hüseynin kimyəvi silahları, nüvə silahı var, amma sonra məlum oldu ki, belə bir şey olmayıb, media yalan məlumat verib. Bu, o deməkdir ki, media hər zaman və hər yerdə həm də nəzarətdir.

Bizə Leninin belə bir tezisi çatmışdı ki, qəzet təbliğat və təşviqat vasitəsidir. Bu gün isə biz ona biznes subyekti kimi baxırıq. Amma biz onu nə biznes subyektinə, nə təbliğat-təşviqat vasitəsinə çevirə bilirik. Çünkü biz onu biznes strukturuna çevirəndə hər şeyi kütləyə hesablamalıyıq. Bizim izləyicimiz təkcə elita deyil ki, həm də kütlədir. Lakin bütün həqiqətləri də demək olmur. Vəziyyət bu qədər çətindir. Önəmli məsələlərdən biri də, ictimai və milli maraqları nəzər almaqdır. Yaltaqlıq və qərəzli tənqid terrordur, cəmiyyətə qarşı terror".

Avropa.info saytının baş redaktoru Ruslan Bəşirli Azərbaycan mediasında 90-cı illərdən mövcud problemlərin davam etdiyini bildirib:

“Aparıcı ölkələrin mediası ilə özümüzü müqayisə etməkdə çətinlik çəksək də, bütün dünyada medianın problemləri var. Çap mediasının bir dayanıqlılığı var, internet mediası isə dayanıqlı, etibarlı deyil. Biz saytda bu gün 100 xəbər veririksə, onun 20-30-u lazımsız, gərəksiz informasiyalardır. Bu gün mediada maddi durum da çox çətindir. İşçi götürmək də çətin məsələdir. Bu gün jurnalistlər arasında ixtisaslaşma yoxdur. Hamı hər şeydən yazır. Qəzetdə belədir ki, jurnalist gərəksiz məlumatlara zaman itirmir, enerji itirmir və bir sahə üzrə ixtisaslaşır. Saytda isə belə deyil.

Media azadlıq məsələsinə gəlincə isə bu, nisbi və qəliz məsələdir. Azadlıq bir həddə kimidir. Bu gün mediada bir xəbər kirliliyi var. Bu gün sosial medianın, sosial şəbəkələrin gücüylə dünyada çevrilişlər baş verə bilir, hakimiyyətlər dəyişir. Sosial medianın müsbət tərəfləri çoxdur, özümüzü cəmiyyətə oxuda bilirik , amma bir tərəfi də var ki, bu sahədə jurnalistikaya aidiyyatı olmayan adamlar çoxdur. Baxırsan sosial şəbəkədə iki cümlə yazır, iki milyon izləyicisi var. Və o kütləni istədiyi kimi yönləndirə bilir. Bu da problemlərə, informasiya kirliliyinə, cəmiyyətin aldadılmasına səbəb olur. Lakin bütün problemlərə baxmayaraq bu gün kimsə medianı boğub cilovlaya bilmir".

Çıxış edən MCP SŞ-nin üzvü, hüquqşünas Vüqar Dadaşov bildirib ki, "mediada azadlıq" mücərrəd məsələdir:

“Ümumilikdə Azərbaycan mediasında intellektual, ziyalı yanaşma çox azdır. Ancaq bir şey də var ki, Nikolay Qumilyov deyib ki, mən ziyalı deyiləm, çünki mənim vətənim və vəzifəm var. Məncə, bu baxış həm də mediaya aid olmalıdır. Dövlət və xalq marağına görə şəxs hər bir statusunu qurban verməyə hazır olmalıdır. Təəsüf ki, jurnalistikada dövlət və xalq maraqları məsələsində Qumilyov yanaşması yoxdur. Jurnalistika da ilk növbədə bu parametrlərdən çıxış etməlidir. Jurnalistika, media ümumən təbliğat obyektidir, buna görə də təbliğat strukturunda milliliyə diqqət yetirilməlidir”.

Daha sonra mövzu ətrafında müzakirələr davam edib.