Müasir dövrdə hərbi münaqişələr ideoloji hücumlarla başlayır, informasiya savaşı ilə davam etdirilir.
Azərbaycan-Ermənistan arasında Qarabağ münaqişəsinin kökündə də məhz ideoloji təxribatlar dayanırdı. 1987-ci ildə Ümummilli lider Heydər Əliyev öz vəzifəsindən - Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən də çıxarılandan sonra erməni millətçilərinin əl-qolu açıldı və təxribat xarakterli fəaliyyətləri açıq müstəviyə keçdi. Onlar Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan Ermənistana verilməsini tələb edirdilər. Bu prosesə 1985-1991-ci illərdə Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri işləmiş, SSRİ Elmlər Akademiyasının akademiki Abel Aqanbekyan rəhbərlik edirdi. O, DQMV-nin Azərbaycandan ayrılaraq Ermənistana verilməsi məsələsini qaldıran, münaqişəni qızışdıran ilk şəxslərdən biri olub. A.Aqanbekyan 1987-ci ilin noyabrın 18-də Fransanın “Humanite” qəzetinə müsahibəsində deyib: “Mən Qarabağın Ermənistanın tərkibində olmağını istəyirəm. Bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən Ermənistana daha çox bağlıdır, nəinki Azərbaycana”. Gündəlik nəşr olunan “Humanite” qəzeti Fransa Kommunist Partiyasının orqanı olub və erməni diasporuna xüsusi simpatiyası ilə seçilib. Erməni alim Azərbaycan daxilində separatizmi körükləyəndə hələ Xankəndidəki ermənilər "ayrılmaq", "azadlıq" barədə o qədər də düşünmürdülər, azərbaycanlılarla bir yerdə yaşayıb, işləyirdilər. Getdikcə ideoloji təhdidlər gücləndirildi, informasiya savaşı silahlı qarşıdurma ilə davam etdirildi. O dövrdə Azərbaycan ciddi informasiya blokadasında idi. Heç kəs bizi dinləmək, səsimizi dünyaya çatdırmaq istədmirdi.
20 Yanvar hadisəsi, Xocalı faciəsi və ondan sonra baş vermiş qırğınlar zamanı biz informasiya blokadasında olmağın acı nəticələrini gördük. Cəbhədə atəşkəs imzalandıqdan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həm hərb sahəsində, həm də diaspor quruculuğu işində əsaslı işlər aparıldı, dönüş yaradıldı. Ordu quruculuğunu prioritet elan etmiş dövlət rəhbərliyinin qayğısı ilə Silahlı Qüvvələrimizin təminatı, müasir silah və texnika ilə təchizatı tədricən yüksəldi. İformasiya sahəsindəki mövcud çatışmazlıqlar tədricən aradan qaldırıldı.
Amma boşluqlar hələ də qalmaqda idi. Az qala hər kəsin ağıllı telefonlara sahib olduğu, sosial şəbəkələrə çıxış imkanının mövcudluğu şəraitində informasiya təhlükəsizliyinin təmin edilməsi çox çətin idi. 2014-cü ilin avqustunda cəbhədə yaranmış gərginlik zamanı bəzi yerli sosial şəbəkə istifadəçiləri tank bölmələrimizin manevrini telefonlarla çəkərək internet resurslarında yerləşdirməklə hökuməti düşünməyə, ölçü götürməyə vadar etdi. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həvəskar çəkilişlər yayılmaqda davam edirdi və bu, ordumuza ciddi problemlər yaradırdı.
Bütün bunları nəzərə alaraq, Prezident İlham Əliyev 24 sentyabr 2014-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncam imzaladı. Dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyətin gücləndirilməsi sənəddə öz əksini tapdı. Həmçinin qoşunların dislokasiyası, hərbi-siyasi və əməliyyat şəraiti, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi, jurnalistlərin cəbhə boyu zonada akkreditasiyası, xidməti ezamiyyətlər və digər məsələlər həllini tapdı.
Kütləvi informasiya vasitələrinin nümayəndələri və internet istifadəçiləri arasında aparılan maarifləndirmə işləri, təlimlər öz müsbət nəticəsini göstərdi. 2016-cı il Aprel döyüşləri zamanı ölkə mediası məlum olmayan informasiyalara deyil, dövlət strukturlarının yaydığı informasiyalara istinad etməyə başladı. Nəticədə erməni və ermənipərəst qüvvələrin yaydığı məlumatlar daha geniş müstəvidə yayılmadı, təbliğ olunmadı.
44 günlük Vətən müharibəsində informasiya savaşı pik həddə çatmışdı. 2020-ci il sentyabrın 27-də başlanan hərbi əməliyyatlar Ermənistanın kapitulyasiyası ilə yekunlaşdı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Ordumuz işğalçı Ermənistanı tarixi məğlubiyyətə uğratdı
44 günlük Vətən müharibəsi dövründə həm Azərbaycan, həm də Ermənistan təkcə Qarabağ və Şərqi Zəngəzur torpaqlarında odlu silahlarla deyil, həm də informasiya məkanında döyüşürdülər. Müharibədə məğlub olacağını görən Ermənistan ilk gündən yalan informasiyalarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışırdı. Yalanlar əsasən bundan ibarət idi; Azərbaycan tərəfindən Qarabağda İŞİD üzvləri döyüşür, Türkiyə və Pakistan hərbçiləri də müharibədə iştirak edirlər, Azərbaycan müharibədə qadağan olunmuş silahlardan istifadə edir.
Azərbaycan tərəfi isə, xüsusilə də, Ali Baş Komandan İlham Əliyev demək olar ki, hər gün xarici KİV-lərə müsahibələr verirdi. Prezident 30-a yaxın nüfuzlu xarici kütləvi informasiya vasitəsinə müsahibələr verdi. Azərbaycanın apardığı haqq davasını, müharibənin gedişini, baş verən prosesləri bütün dünyaya çatdırdı. Dövlət başçısının təkcə “BBC News”a verdiyi müsahibə ilə bağlı “Twitter”dəki paylaşımını üç milyondan çox insan izlədi, 85 mindən çox insan bəyəndi, 33 minə qədər insan isə videomüsahibəni öz səhifəsində paylaşdı. Azərbaycan Prezidenti hətta düşmən tərəfindən maliyyələşdirilən, erməni lobbisinin əlində oyuncağa çevrilən jurnalistlərin ən qərəzli suallarına belə cavab verdi. Azərbaycanın dünyaya çatdırmaq istədiyi mesaj əsasən bundan ibarət idi; Azərbaycan hərbi əməliyyatları öz ərazisində, beynəlxalq hüquq çərçivəsində aparır. Biz BMT-nin qəbul etdiyi dörd qətnamənin icrasını özümüz həyata keçiririk.
Beynəlxalq tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılan debatlarda, müzakirələrdə də ikinci özünün aşağı səviyyəli dil bilgiləri və siyasi savadı ilə ölkə başçısımıza ududzurdu. Hətta gülməli vəziyyətə düşürdü.
Müharibə dövründə Rusiya və Fransa KİV nümayəndələrinin də Ermənistana “ayı xidmətləri” heç bir bəhrə vermədi. Rusiyanın erməni əsilli media maqnatı, Aprel döyüşləri zamanı saxta xəbərlər yaymaqla etibarını itimiş Aram Qabrelyanov və onun silahdaşı rusiyalı jurnalist Semyon Peqovun həqiqətə uyğun olmayan məlumatları da ermənilərə kömək edə bilmədi.
Hərbi əməliyyatlar zamanı Azərbaycanın informasiya məkanını düşmən təsirindən qorumaq üçün aidiyyəti orqanlar gücləndirilmiş iş rejiminə keçdi. Məlumata görə, müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təşkil edilmiş, bu hücumların qarşısı müvəffəqiyyətlə alınmışdı.
Bu gün ərazi bütövlüyümüz tam təmin edilsə də, Azərbaycanla Ermənistan arasında müharibə olmasa da informasiya savaşı davam etməkdədir. Rəsmi İrəvan yenə də haqqımızda yalan məlumatlar yaymaqdadır. Onlar Azərbaycanı sülh prosesindən yayınmaqda, Ermənistana qarşı ərazi iddiası irəli sürməkdə, Qarabağdakı erməniləri zorla köçürməkdə ittiham edir, şərləyirlər.
Azərbaycanda beynəlxalq tədbirlərin keçirildiyi dönəmlərdə ermənipərəst qüvvələr daha da fəallaşırlar.
Qeyd etdiyimiz kimi, informasiya müharibəsində heç vaxt atəşkəs olmur. Azərbaycanın vətəndaş cəmiyyəti institutları bu müharibədə ön sırada olmalı, milli maraqlara xidmət etməli, düşmənin yalan informasiyalarına qarşı vaxtında tutarlı cavab verməlidirlər.
Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Milli ideologiyaya yönəlik təxribatlar əleyhinə fəaliyyətin təşviqi” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.