13 mart 2025-ci il tarixində AİDS-lə Mübarizə İctimai Birliyi, İİV/QİÇS-in profilaktikası və mübarizəsi istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, institusional əməkdaşlığın gücləndirilməsi və vətəndaş cəmiyyəti institutlarının bu sahədə iştirakının genişləndirilməsi məqsədilə İİV/QİÇS üzrə İşçi Qrupun keçirilən iclasında iştirak etmişdir.
Görüş çərçivəsində İİV infeksiyasının profilaktikasına yönəlmiş qrant layihələrinin icra vəziyyəti, zərərin azaldılması xidmətlərinin təşkilində vətəndaş cəmiyyəti institutlarının rolu, habelə sosial sifariş mexanizmlərinin şəffaflıq, hesabatlılıq və səmərəlilik prinsipləri əsasında təkmilləşdirilməsi kimi əhəmiyyətli məsələlər müzakirə edilmişdir.
İclasın əsas müzakirə istiqamətlərindən biri regional səviyyədə göstərilən xidmətlərin monitorinqinin və qiymətləndirilməsinin gücləndirilməsi olmuşdur. Bu çərçivədə xidmətlərin əlçatanlığının, keyfiyyətinin və hədəf qrupların ehtiyaclarına uyğunluğunun qiymətləndirilməsinin İİV/QİÇS-in profilaktikası üzrə dövlət siyasətinin effektivliyinin artırılmasında mühüm əhəmiyyət daşıdığı vurğulanmışdır.
Bununla yanaşı, müasir informasiya və kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə rəqəmsal maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsi məsələsinə xüsusi diqqət yetirilmişdir. İİV/QİÇS barədə elmi əsaslı məlumatların cəmiyyətə daha geniş və əlçatan formada çatdırılması, yanlış təsəvvürlərin və stiqmatizasiya hallarının azaldılması, eləcə də profilaktik davranışların təşviqi rəqəmsal maarifləndirmənin əsas istiqamətləri kimi qiymətləndirilmişdir.
Müzakirələr zamanı əsas qrupların spesifik ehtiyaclarının nəzərə alınması və genderə həssas yanaşmalar əsasında xidmətlərin təşkili də prioritet məsələlər sırasında qeyd edilmişdir. Bu yanaşmanın profilaktik, diaqnostik, psixososial və digər xidmətlərə çıxış imkanlarının artırılmasına, habelə həssas qrupların səhiyyə və sosial xidmətlər sisteminə inteqrasiyasının gücləndirilməsinə töhfə verə biləcəyi bildirilmişdir.