Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün  

20 Sentyabr Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəsna siyasi və tarixi məna daşıyan, milli iradəmizin və dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gündür. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunduğu, Konstitusiya quruluşunun ölkəmizin bütün ərazisində bərqərar edildiyi gündür.

Müstəqil və suveren dövlətə sahib olmaq hər bir xalqın ən böyük tarixi nailiyyətidir. Azərbaycan xalqı əsrlər boyu müxtəlif siyasi, hərbi və iqtisadi sınaqlarla, işğal və məhrumiyyətlərlə üzləşsə də, onun müstəqillik və dövlətçilik iradəsini heç bir qüvvə sarsıda bilmədi. Məhz buna görə bu gün tam suveren Azərbaycan dövləti siyasi-hüquqi reallıqdır. Bu gün eyni zamanda dövlət başçımız Cənab İlham Əliyevin qətiyyətli siyasətinin, xalqımızın uzun illər davam edən mübarizəsinin, qəhrəman övladlarımızın fədakarlığının və şəhidlərimizin qanı bahasına qazanılmış milli sərvətimizdir.

Möhtərəm Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamında qeyd edildiyi kimi, “Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Suverenlik dövlətin öz ərazisi və əhalisi üzərində ali hakimiyyətini həyata keçirməsi, daxili və xarici siyasətini müstəqil müəyyən etməsi deməkdir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suveren dövlət olsa da, Ermənistanın 1990-cı illərin əvvəllərindən başlayan hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsinin 30 ilə yaxın işğal altında qalması həmin ərazilərdə dövlətimizin suveren hüquqlarını həyata keçirməsinə imkan vermirdi. İşğal illərində şəhər və kəndlərimiz dağıdıldı, tarixi, dini və mədəni irsimizə ağır zərbə vuruldu, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirildi və Xocalı faciəsi baş verdi. Münaqişənin həlli və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrası istiqamətində uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi.

Azərbaycan xalqı sözügedən tarixi ədalətsizliyə 2020-ci ildə son qoydu. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Torpaqlarımızın böyük hissəsi döyüş meydanında azad edildi, Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi-hərbi nəticələr əsasında Azərbaycana qaytarıldı. Bununla Azərbaycan uzun illər kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi.

Lakin Vətən müharibəsindən sonra Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğu və qanunsuz silahlı birləşmələrin fəaliyyəti davam edirdi. Azərbaycan öz ərazisində suveren hüquqlarının tam təmin olunması istiqamətində ardıcıl və prinsipial mövqe nümayiş etdirdi.

Adıçəkilən prosesin mühüm mərhələlərindən biri 2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. Bununla Azərbaycan öz beynəlxalq səviyyədə tanınmış sərhədlərində nəzarət funksiyasının həyata keçirilməsi istiqamətində mühüm addım atdı.

Nəhayət, 2023-cü ilin 19 sentyabrında Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək ərazimizdən çıxarılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

Əməliyyat Azərbaycan hərb tarixinin ən mühüm səhifələrindən biri idi. Cəmi 23 saat ərzində Azərbaycan Ordusu qarşısına qoyulan bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Sentyabrın 20-də əməliyyatın başa çatması ilə Azərbaycan Respublikasının dövlət suverenliyinin bütün ölkə ərazisində tam bərpası təmin olundu.

19–20 sentyabr əməliyyatı Azərbaycan Ordusunun gücünün, peşəkarlığının, müasir texniki imkanlarının və ən mürəkkəb hərbi vəzifələri qısa müddətdə həll etmək qabiliyyətinin növbəti nümayişi idi. Sözügedən əticə 44 günlük Vətən müharibəsində qazanılmış zəngin döyüş təcrübəsinin, sonrakı illərdə dövlətin ardıcıl strategiyasının və aparılan məqsədyönlü hərbi hazırlığın məntiqi davamı idi.

Beləliklə, “Qarabağ Azərbaycandır!” həqiqəti Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin və qanunun aliliyinin təmin olunması ilə öz tam siyasi-hüquqi ifadəsini tapdı.

Bütün bu tarixi proseslərin mərkəzində Möhtərəm Cənab Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasi, diplomatik və hərbi strategiya dayanır. 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən dövlət sərhədində nəzarətin möhkəmləndirilməsinə, 19–20 sentyabr antiterror tədbirlərindən suverenliyin bütün ölkə ərazisində təmin olunmasına qədər atılan addımlar vahid strateji xətt idi.

20 sentyabrın dövlətçilik tariximizdəki müstəsna əhəmiyyəti ölkə başçımız Cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə əbədiləşdirildi və hər il sentyabrın 20-sinin Dövlət Suverenliyi Günü kimi qeyd olunması qərara alındı. Sərəncamda 2023-cü il sentyabrın 20-də ölkənin bütün ərazisində qanunun aliliyinin və dövlət suverenliyinin bərpa edilməsi bu qərarın tarixi əsası kimi göstərilir.

Bu tarixi xəttin davamı olaraq Cənab Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi. Sənəddə Vətən müharibəsində qazanılmış Qələbə və 19–20 sentyabr 2023-cü il antiterror əməliyyatının nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, Konstitusiyanın hüquqi qüvvəsinin bütün ərazilərimizdə bərqərar edildiyi vurğulanır. 2025-ci il fevralın 11-də bununla bağlı Tədbirlər Planı təsdiq edildi.

Dövlət Suverenliyi Gününün əbədiləşdirilməsi istiqamətində atılan addımlar bu tarixin milli yaddaşımızda xüsusi yerini daha da möhkəmləndirir. Bakı Metropoliteninin yeni stansiyalarından birinin “20 Sentyabr” adlandırılması məhz həmin tarixi hadisənin gələcək nəsillərin yaddaşında yaşadılmasının ifadəsidir.

Günümüzdə Azərbaycan tarixin yeni mərhələsini yaşayır. Dövlətimizin suverenliyi bütün ərazimizdə təmin olunub, üçrəngli bayrağımız Qarabağda və Şərqi Zəngəzurda əzəmətlə dalğalanır. 

20 Sentyabr Azərbaycanın dövlətçilik iradəsinin, milli birliyinin, Ordumuzun qəhrəmanlığının və şəhidlərimizin müqəddəs qanı bahasına əldə edilmiş tam suverenliyimizin rəmzidir. 8 Noyabr Azərbaycan xalqının Zəfər salnaməsidir. 20 Sentyabr həmin Zəfərin dövlət suverenliyimizin tam bərpası ilə tamamlandığı tarixi gündür.

Dövlət Suverenliyi Günümüz mübarək! Ərazi bütövlüyümüz və dövlət suverenliyimiz əbədi olsun!

Günay Ağamalı 

Milli Məclisin deputatı, 

Ana Vətən Partiyasının sədri.

20 Sentyabr 2026-cı il.