“Vətən müharibəsinin gedişində 2020-ci ilin oktyabr ayının 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən işğaldan azad olundu. Füzuli əməliyyatı ilə Azərbaycan Ordusu mümkünsüzü mümkün etdi”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olub: “Ali Baş Komandan İlham Əliyevin çıxışlarında bildirdiyi kimi 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu və bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyildi. Hətta, ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Lakin Azərbaycan Ordusunun böyük şücaəti, yüksək peşəkarlığı, məharəti, vətənpərvərliyi və fədakarlığı nəticəsində Füzulini işğaldan azad etdi, bütün deyilən fikirlərin əksini isbatladı. Onu da qeyd etmək lazımdır ki, 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilib və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub”.
“Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb edirdi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi: “Azərbaycan Ordusu peşəkarlığı və mərdliyi ilə düşməni qorxuya salmışdı. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirdilər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və etiraf edir ki, döyüş meydanında göstərdiyimiz gücün mənbəyi Azərbaycan xalqının iradəsidir. Qələbəni görən, bu hissləri yaşayan Azərbaycan da xalqı əmindir ki, ölkənin inkişafı, cəmiyyətin rifahı və milli maraqların qorunması naminə bütün lazımi işlər görülüb və görüləcək. Artıq Qarabağın bütün ərazisində olduğu kimi Füzulidə də bərpa işləri həyata keçirilir. Bu gün artıq demək olar ki, Füzuli rayonu yeni inkişaf dövrünü yaşayır”.