İlham Əliyev: "Bu komandamızın tərkibinin yerli idmançılardan ibarət olması məni sevindirir"

Şadam ki, komandamızın tərkibi yerli idmançılardan ibarətdir - həm oyunçular, həm məşqçilər, mütəxəssislər. Bu, məni xüsusilə sevindirir.

Sabahinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edərkən söyləyib.

"Onu da bilirəm ki, minifutbol üzrə bizim komandamız cəmi ikinci dəfə Avropa çempionatında iştirak edir və artıq çempion tituluna layiq görülüb. Mübarizə gərgin olub, istənilən idman növündə Avropa çempionatları çox gərgin keçir. Əlbəttə ki, Avropanın ən güclü komandaları orada təmsil olunur. Çempionat boyunca göstərdiyiniz həm peşəkarlıq, deyə bilərəm ki, həm də böyük fədakarlıq bu qələbəni mümkün edib. Siz xalqımızı sevindirmisiniz və təsadüfi deyil ki, Azərbaycan vətəndaşları sizi hava limanında böyük məhəbbətlə qarşılayıblar. Mən sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox böyük qələbədir, tarixi qələbədir", - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, hər dəfə beynəlxalq yarışlarda idmançılarımız qələbə qazananda hər bir vətənpərvər insan qürur hissi keçirir, hər dəfə bayrağımız qaldırılanda hər birimiz sevinirik: "Qələbələr xalqımıza yaraşır, həm döyüş meydanında, həm idman arenalarında. Əminəm ki, Azərbaycan idmançıları bundan sonra da beynəlxalq yarışlarda Vətənimizi ləyaqətlə təmsil edəcəklər".