Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri – İlkin Azay oğlu Xosrovzadənin Abşeron rayonunda anım günü keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Mahir Abbaszadə, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, şəhidin doğmaları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhid İlkin Xosrovzadənin Ceyranbatan qəsəbəsindəki məzarı ziyarət olunub, ruhuna dualar oxunub, onun və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad edilib.
Qeyd edək ki, şəhid İlkin Xosrovzadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.