Ötənlər, yaşanılanlar unudulmur, xatırlamalarda yaşadılır. El-oba ilə bağlı olanlar yaşanılmışların davamı kimi daha həssaslıqla, daha duyğusallıqla yaşanılır. O xatırlamalarda torpaq mehri olduğuna görə, ata-ana sevgisinin şaxələri oldğuna görə, böyük dünyaya aparan yolun başlanğıcı olduğuna görə belədi. Mənə elə gəlir ki, el-obaya (deməli, Vətənə) sevgi də bu xatırlamalarla qüdrətlənir, insanlara dünyəvi, bəşəri münasibət də. Həm də, yaxşı adamlar daha çox xatırlanır. Ruhunla xatırlayırsan, ruhun üçün xatırlayırsan...
Həsən Bəhlul oğlu Əlkbərov 1954-cü il aprelin 1-də Zəngilan rayonunun Qaragöz kəndində anadan olub. Qaragöz kənd ibtidai məktəbində, Ördəkli kənd səkkizillik məktəbində, Mincivan qəsəbəsində M.Füzuli adına 36 saylı dəmiryol orta məktəbində təhsil alıb. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra sənədlərini Bakı Dövlət Universitetinin hüquq fakültəsinə verən Həsən yüksək bal toplasa da müsabiqədən keçə bilmədi. Bir il “1 May” sovxozunda fəhlə işlədi. Növbəti il qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazandı.
O da ali təhsil aldı. 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının( indiki Naxçıvan Dövlət Universiteti) tarix fakültəsini bitirdi. Qiyabi oxuyurdu. İkinci kursda təhsil alanda 1972-ci il sentyabrın 1-də Ağbənd kənd səkkizillik məktəbinə tarix müəllimi təyin edildi. Gənc və təcrübəsiz olmasına baxmayaraq təcrübəli müəllimlərdən aldığı dəyərli məsləhətlər və zəhmətsevərliyi onu şagirdlərin və valideynlərin sevimlisinə çevirdi…
1978-ci il mayin 18-də Ağbənd məktəbinin müəllimi Həsən Ələkbərovu da hərbi xidmətə çağırdılar. Dünyanın düz vaxtlarıydı, ermənlik cızığından çıxmamışdı, imperiyanın əyalətlərə münasibəti hələ üzə çıxmamışdı, Moskva niyyətlərini pərdələyirdi. Belə bir vaxtda Vətən kəlməsini ideologiyanın tələbləri kimi düşüncələrə SSRİ kimi hopdursalar da ruhu rəvanlar, el-obaya mehrülfəti olanlar, Azərbaycanın mənəvi səyyarəsi olanlar üçün belə deyildi. Onlar üçün Səməd Vurğunun “Azərbaycan” şeirinin gerçəklikləri vardı: “Hansı səmtə, hansı yana Hey uçsam da yuvam sənsən…”. Həsən belə düşünən, belə deyən gənclərdən idi.
Məsuliyyət dünyaduyumun tərkib hissələrindəndir. Nümunəvi xidmətinə görə Həsən Ələkbərovu 1979-cu ilin iyununda partiya sıralarına qəbul etdilər. Etiraf edilməlidir ki, o illərdə belə bir şans hər adama nəsib olmurdu...
1979-cu il noyabrın 1-də hərbi xidmətdən tərxis edildi, Zəngilana qayıtdı, həmin il noyabrın 3-dən Qaragöz səkkizillik məktəbinin tarix müəllimi təyin olundu. Xarakter bir dəfə formalaşır; Həsən Bəhlul oğlu istər şagird kimi, istər tələbə kimi, istər gənc müəllim kimi, istərsə də əsgər kimi tapşırılan işi həmişə böyük məsuliyyətlə yerinə yetirib. Tanıyanlar deyir ki, məsuliyyət onun xarakterinin başlıca amilidir. Məsuliyyət bitən yerdə fəaliyyətin ölgünlüyü başlayır...”, - Həsən müəllimin kəlamıdı...
1985-ci il dekabrın 4-dək Zəngilan rayonun Qaragöz kənd orta məktəbində tarix müəllimi işləyib. Məktəbdə işlədiyi müddətdə calışqanlığı, prinsipiallığı, qabaqcıl pedaqoji nailiyyətləri və təcrübəni dərslərində tətbiqetmə bacarığına görə bacarıqlı gənc müəllim kimi həm məktəbdə, həm də rayon müəllimləri arasında fərqləndi, seçildi, sevildi. Partiya təhsili sistemində təbliğatçı və təşviqatçı kimi kəndin camaatı arasında dövlət siyasətinin təbliğində, gənclərin əmək və mənəvi tərbiyəsində məqsədyönlü (və təəssübkeş!) fəaliyyəti, məktəb partiya təşkilatının katibi kimi yük¬sək təşkilatçılığı nəzərə alınaraq 1985-ci il dekabrın 5-də Zəngilan rayon partiya komitəsinin (RPK-nin) təşkilat şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkildi. 80-cı illərdə gənclərin əksəriyyətinin arzuladığı vəzifəyə təyinat Həsən Ələkbərovun xarakterini müəyyənləşdirən məsuliyyət amilini daha da formalaşdırdı...
Gənc təlimatçının işi bəyənilirdi...
Mən Həsən müəllimi 1980-ci ildən tanıyıram. Rayon komsomol komitəsində şöbə müdiri işləyirdim. O illərdə təsərrüfatların fəaliyyətinə partiya nəzarəti vardı və bu nəzarət fəaliyyətin tənzimlənməsində stimul olurdu. Rayonda üzümçülüyü daha da inkişaf etdirmə, mövcud nöqsanları aradan qaldıma zərurəti ilə əlaqədar hər təsərrüfata partiya-komsomol işçiləri göndərilirdi. 1985-ci ilin iyun ayında mən “1 May” sovxozuna, Qaragöz kəndinə göndərildim. Briqadada vəziyyətlə tanış olduqdan sonra Həsən müəllimlə görüşdüm. Məni evlərinə dəvət etdi. Atası Bəhlul dayı, anası Ruqiyyə xala məni hörmətlə qarşıladılar. Ailə üzvləri ilə yaxından tanış oldum. Gəlişimin məqsədini bilən Bəhlul dayı rayona gedib-gəlməyin çətin olacağını bildirdi, məsləhət gördü ki, (müəyyən mənada tələb etdi ki) onlarda qalım. Camaatın becərmə işlərinə cəlb edilməsinə özünün də kömək edəcəyini bildirdi. İki həftə ərzində Bəhlul dayının, Həsəm müəllimin, qardaşı Hüseyn müəllimin köməkliyi ilə kəndin bütün əmək qabliyyətlilərini becərmə işlərinə cəlb etməklə tapşırılan işin öhdəsindən layiqincə gəldik. Bu müddət ərzində RPK-nin birinci katibi Muradaxan Cabbarov iki dəfə günün müxtəlif vaxtlarında (səhər tezdən və axşam saatlarında) briqadaya gəlmişdi, işin gedişi ilə yaxından tanış olmuşdu, razı qaldığını hiss eləmişdik. Cəsarətli və ədalətli bir insan olan Bəhlul dayı birinci katibə mənim barəmdə xoş sözlər deməkdən çəkinməmişdi...
Həmin ilin dekabrından Həsən müəllim RPK-də təlimatçi işlədiyinə görə biz tez-tez görüşür, Vətəndən, xalqdan, müqəddəs Vətənin hər ikimizə müqəddəs olan Zəngilan adında ecazkarlığından, işdən, ədəbiyyatımızdan, incəsənətimizdən, ... danışardıq. 1988-ci ilin iyulunda mən RPK-nin siyasi maarif kabinetinin müdiri təyin edildikdən sonra görüşlərimiz daha da intensivləşdi. Bir il, mən ali siyasi təhsil almağa göndərilənədək belə davam etdi. Həmin bir ildə Həsən müəllimin yüksək təşkilatçılıq və idarəetmə bacarığının, dərin biliyinin, həmişə haqq-ədalətin yanında olduğunu bir daha gördüm. Yüksək insani keyfiyyətləri, hümanistliyi, sözü bütövlüyü, mənəvi ucalığı,əxlaqı saflığı, cəsarətli təşkilatçılığı və yorulmaq bilməyən zəhmətsevərliyi insanların ona olan hüsn-rəğbətini artırmışdı, onların əsl inam yerinə çevrilmişdi.
Həsən müəllimin dediklərindən: “Rayon İcra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini işləyirdim. Mənzil bölgüsü komissiyasının sədri idim. Mincivan qəsəbə dəmiryol xəstəxanasının işçilərinə mənzil verilməsi məsələsinə baxılırdı. Xəstəxananın xadiməsinin ev almaq növbəsi idi. Hörmətli və imkanlı həkimlərdən biri “İcra hakimiyyəti başçısının da razılığını almışam” deyərək mənzilin orderinin ona verilməsini istəmişdi. Həkimin qohumu da mənə “şirinlik” təklif etmişdi. Mən qəti olaraq razılaşmadım. Mənzili qanuni növbəsi çatmış xadiməyə verdim”. Həsən müəllimin fəaliyyətində belə yaddaqalan xoş nümunələr olduqca çoxdur; insanlıq qanunlarını daha üstün tuturdu Həsən müəllim...
Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Düşmən Zəngilan da işğal etmək istəyirdi. Zəngilan ərazi özünümüdafiə taboru, əhali, milis işçiləri ərazini ciddiliklə qoruyurdu. O vaxtlarda taborun şəxsi heyəti üçün vəzifəlilərin hər gəlişi döyüş əzmi idi, qələbə ruhu idi. Həsən müəllim tez-tez mövqelərə gələrdi, döyüşçülərlə saatlarla söhbətləşərdi, hər söhbət bir vətənpərəvərlik dərsi kimi dinlənilərdi. Söhbət zamanı əsəgərlərdən biri deyib ki, Həsən müəllim, şagird kimi dinlədiklərimi döyüşçü kimi dinləmək mənim deyil, bu torpaqların taleyidir. Dedikləriniz bizim hər birimizin hərbi andımızın davamı olacaq. Onda Həsən müəllim keçmiş şagirdini bağrına basıb...
Həsən müəllimin taborumuza qayğısının (buna Vətən naminə sevgi də deyərdim!) həmişə gerçək nəticəsi olub: Həsən müəllim 1992-ci ilin fevralında Kürdəmir rayonun İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Cəfərovun və müavini Taleh Qasımovun köməkliyi ilə Əşrəf adlı mexanikin hazırladığı “Qrad” qurgusunu gətirib komandiri olduğum Zəngilan Ərazi Özünümüdafiə Taboruna təhvil vermişdi. Bu qurğu düşmənlə döyüşlərədə xeyli səmərəli olmuşdu...
Gənc Azərbaycan Respublikasında yöndəmsiz idarəçilik dövlətçiliyin titrəyişinə şərait yaratmışdı. Bəzən hansı səbəblərə görəsə baçarıqlı kadrlar da vəzifəsindən uzaqlaşdırılırdı. Bunlar xalqını sevənlərin düşüncələrini üstələyə bilməzdi. Həsən müəllim də tutduğu vəzifədən azad edilmişdi. Həmişə xalqını, dövləti, dövlətçiliyi düşünən Həsən Ələkbərov Nusrət Mustafayevlə birlikdə YAP Zəngilan rayon təşkilatının yaradılmasına nail oldu. Həsən müəllim xalqını sevənlərə deyirdi ki, Ulu Öndər Heydər Əliyevın YAP-ın sədri və ölkənin prezidenti seçilməsi insanların sözlə təsvir edilməyən sevincidi, fərəhidi. Xalqa arxalanan Heydər Əlieyevin prezident seçilməsi insanların dövlətə itmiş etibar və inamını qısa müddətdə bərpa etdi...
Zəngilanın işğalından sonra Həsən müəllim əvvəlcə Əli-Bayramlı (indiki Şirvan) şəhərində, Bakı şəhərində məskunlaşmış zəngilanlıların problemlərinin aradan qaldırılmasına həmişə kömək göstərirdi...
1996-cı il dekabrın 29-da Ulu Öndər Heydər Əliyevin Zəngilanlarla görüşündə YAP Zəngilan rayon təşkilatının sədri Nüsrət Mustafayev böyük tarixi şəxsiyyətə Həsən Ələkbərovun işdən qanunsuz çıxarıldığını bildirmişdi. Ulu Öndərin göstərişindən sonra, Həsən müəllim 1997-ci il iyunun 6-da Zəngilan rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru təyin edildi, 2016-ci il avqustun 27-dək bu vəzifədə çalışdı. 2016-cı il sentyabrın 1-dən 2018-ci il oktyabrın 30-dək Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinin müdir müavini vəzifəsinə təyin olundu.
Nazirliyin bir qrup mütəxəssisi Qubadlıda və Zəngilanda pensiya işlərinin bərpası zamanı müəyyən nöqsanlara yol verildiyini əsas gətirərək həmin işlərə yenidən baxılması barədə rəy hazırlamışdılar. Həsən müəllim bu rəylə qətiyyən razılaşmayaraq nazirlik qarşısında məsələ qaldırmışdı. Işçi qruplarının yaradılmasına və həmin məsələlərə yenidən, obyektiv baxılmasına nail ol-muşdu. Nəticədə, bu məsələ kollegiya qərarı səviyyəsində müsbət həllini tapmışdı ...
Xoşbəxtliyi insanlarla ünsiyyətdə görən Həsən Ələkbərov insanlara yaxşılıq və köməklik etməyi özünə mənəvi borc bilir...
Həsən müəllim həsəd aparılacaq şərəfli və örnək ömür yaşayır. Yorulmaz fəaliyyəti, möhkəm dözümü, mənəvi cəsarəti, mübarizliyi, dəyişməz mövqeyi, mərdliyi, əyilməz qüruru, həssas qəlbi, sadəliyi, səmimiliyi, yüksək təvazökarlığı və müdrikliyi ilə onu tanıyanların hamısını qürurlandırır.
Saf vicdan sahibi, mehriban ailə başçısı, nümunəvi valideyn Həsən Ələkbərovun hər üç övladı fəaliyyət göstərdiyi sahədə ata yolunu ləyaqatlə davam etdirir...
2018-ci ilin noyabrından təqaüddə olan 1-ci dərəcə dövlət qulluqçusu Həsən Ələkbərov Yeni Azərbaycan Partiyasının veteran üzvü kimi gənclərin hərbi vətənpərvərlik tərbiyəsində məqsədyönlü iş aparır, illərlə qazandığı təcrübəni gənclərə böyük sevgilərlə çatdırır, elin-obanın xeyir-şərində fəal iştirak edir.
Həsən Ələkbərovun Qaragöz kəndinə qayıdışı ruhun cana qayıdışı olacaq, şübhəsiz...
Ömrün yetmişində dünyaya salamın duyanlara könül xoşluğudu, Həsən müəllim. Hələ neçə on illər bu səmimi salamların işığı səni, Zəngilanı, Azərbaycanı sevənlərin də niyyəti olacaq, Həsən müəllim...
Bayram MƏMMƏDOV,
Əməkdar müəllim