İltizam Yusifov: Ulu öndər Heydər Əliyevin siyasi kursu etibarlı əllərdədir

Milli dövlətçiliyin sarsılmaz əsasları müstəqilliyimizin əbədi və dönməz xarakter almasına səbəb oldu. Məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında Bakıya gəlməsi, iyunun 15-də Ali Sovetin sədri seçilməsi Azərbaycanın xaos və anarxiyadan qurtarmasının təməl nöqtəsi idi. Ümummilli Liderin uzaqgörən siyasəti, peşəkar idarəetmə üsulu bugünkü inkişafın təməllərinin sağlam və uzunömürlü olmasına gətirib çıxardı. Həyata keçirilən enerji siyasəti, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, qonşu ölkələrlə iqtisadi və siyasi münasibətlərin normallaşdırılması, ən əsası düşmənlə atəşkəsin əldə olunması parçalanmaqda olan və günü-gündən zəifləyən, hətta xəritədən silinmək təhlükəsi ilə üzləşən Azərbaycan üçün nicat yolu idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov söyləyib.

O bildirib ki, Ümummilli Lider ağır və məsuliyyətli yükün fonunda gecəsini gündüzünə qataraq yenicə müstəqillik əldə etmiş Azərbaycanın problemlərini həll etməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzunu yüksəltməyə, iqtisadi imkanlarını genişləndirməyə xüsusi önəm verirdi.

“Beynəlxalq əhəmiyyət kəsb edən enerji layihələri ilə bağlı müqavilələrin imzalanması bu istiqamətdə atılan addımların müsbət təzahürü idi. Qardaş Türkiyə ilə imzalanan sənədlər Azərbaycanın qısa zamanda inkişafına zəmin yaratdı. İstər hərbi, istər iqtisadi, istərsə də digər istiqamətlərdə dostluq və qardaşlığa söykənən maraqlar bu gün regionda Türkiyə-Azərbaycan birliyinə, vahid gücün reallaşmasına səbəb oldu. Dostluq qardaşlıq münasibətlərinin fonunda Azərbaycanın güclənməsini istəməyən, bir dövlət kimi məhv olmamızı istəyən qüvvələrlə mübarizə aparan Ulu Öndərin atdığı addımlar qarşı tərəfin arzu və istəklərinin puç olmasına gətirib çıxardı”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, aradan keçən müddət ərzində istər dövlət büdcəsinin gəlirlərinin artması, istər Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsi, istər etibarlı və inamlı tərəfdaş ölkə kimi beynəlxalq layihələrə açıq olması ilə bərabər Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində sistemli siyasət plüralizmin inkişafında olduqca vacib amillərdən idi. Bütün bunların nəticəsində Azərbaycanda hüquqi normativ aktların qəbulu, beynəlxalq təşkilatların tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirilən hüquqi dövlət quruculuğu sahəsində atılan addımlar qanunverici bazanın daha da möhkəmlənməsi ilə nəticələndi.

“Ümummilli Liderin “Mən İlham Əliyevə özüm qədər inanıram” kəlamı zaman keçdikcə özünü daha da dərindən büruzə verir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyini ümummilli lider Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi ilə yanaşı, Azərbaycanın qızıl inkişaf dövrü kimi xarakterizə etmək olar. Elə bir sahə yoxdur ki, o sahədə uğur qazanmayaq. İlkləri, qələbələri bizə yaşadan Prezident İlham Əliyev Şuşa sevincini də yaşatdı. Qürurumuzu, milli kimliyimizi və ən əsası yenilmiş xalq damğasını üzərimizdən götürən Prezident İlham Əliyev hər bir vətəndaşının problemini anında həll etməklə onların qəlbində özünəməxsus yer tutub.

Ulu öndər Heydər Əliyevin siyasi kursu əmin əllərdədir. Gün keçdikcə hər birimiz bu siyasətin barından bəhrələnir, dövlətimizin və dövlətçiliyimizin uzun illər ərzində yaşayacağına inanırıq. İlham Əliyev kimi sərkərdəsi olan xalq hər zaman uğur qazanacaq. Bizim öhdəmizə düşən vəzifə isə dövlətimizin başçısının ətrafında sıx birləşmək, onun yürütdüyü siyasətə dəstək olmaqdan ibarətdir”, - deyən İltizam Yusifov fikirlərini yekunlaşdırıb.