Azərbaycan poeziyasının dühası və Göyçə aşıq məktəbinin parlaq siması olan Aşıq Ələsgər 1821-ci ildə İrəvan xanlığının Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Aşıq Ələsgər misilsiz bədii-estetik ustalığı ilə xalqının ruhunu əks etdirən əsərlər yaradaraq, ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs vermişdir. Aşıq Ələsgərin fəlsəfi dərinliyi və poetik lirikası ilə seçilən ədəbi töhfələri Azərbaycan ədəbiyyatı irsinin ayrılmaz hissəsinə çevrilmiş, onun poeziyası Azərbaycan aşıq sənətinin qorunan dünya qeyri-maddi mədəni irs siyahısında yer almasında böyük rol oynamışdır.
Aşıq Ələsgərin zəngin ədəbi irsi Ümummilli Lider Heydər Əliyevin yorulmaz səyləri nəticəsində geniş şəkildə təbliğ olunmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə sənətkarın 150 illik yubileyi dövlətin ən yüksək səviyyələrində qeyd olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynayıb.
Cari ilin 30 sentyabr tarixində Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin ucaldılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük ustadın anadan olmasının 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi barədə sərəncamının icrası olaraq həyata keçirilmişdir. Bu sərəncam dövlət başçımızın həm Aşıq Ələsgər şəxsiyyətinə, həm də milli kimliyimizin ünvanlarından biri olan aşıq sənətinə diqqət və qayğısının ifadəsidir.
Ölkə Prezidenti cənab İlham Əliyev el sənətkarının abidəsinin açılışı zamanı qeyd etmişdir: “Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur”.
Aşıq Ələsgərin abidəsinin ucaldılmasının xüsusi bir əhəmiyyəti də böyük saz-söz ustadının doğulub-böyüdüyü, yazıb-yaratdığı Göyçə mahalının və bütünlüklə tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycanın işğal altında olması və Qərbi Azərbaycandan olan soydaşlarımızın 35 ildən artıqdır ki, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində qaçqın düşüb ata-baba yurdlarının həsrəti ilə yaşamasıdır. Məhz heykəlin açılışındakı nitqində Ölkə başçısı cənab İlham Əliyevin "Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik"-, sözləri böyük strateji hədəflərə ünvanlanmış tarixi mesajdır. Bir sözlə, Aşıq Ələsgərin abidəsinin ucaldılması Qərbi Azərbaycana, Göyçəyə, Ağkilsəyə qayıdışımıza inamımızın təcəssümüdür.
Professor Mahirə HÜSEYNOVA,
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, Əməkdar müəllim