İqor Qrosu Milli Məclisin nümayəndə heyəti ilə görüşüb 

21 fevralda Avronest Parlament Assambleyasının 10-cu plenar iclasında iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti Moldova parlamentinin sədri İqor Qrosu tərəfindən qəbul olunub.

Azerforum-un xəbərinə görə, parlament sədri görüşdə Azərbaycan nümayəndə heyətini Moldovada salamlayaraq, Azərbaycan ilə Moldova parlamentlərarası münasibətlərin yüksək səviyyəsə inkişafından söz açıb. 2022-ci ilin fevralında Azərbaycana, o cümlədən Şuşaya səfərini xatırlayan spiker, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-tikinti işlərinin nəticələri ilə maraqlanıb, mövcud dəyişikliklər ilə tanış olmaq üçün bir daha sözügedən regiona səfər etməyə hazır olduğunu dilə gətirib.

İqor Qrosu Azərbaycan Respublikası Milli Məclisin sədri Sahibə Qafarovaya Moldovaya rəsmi səfər ilə bağlı dəvət məktubunun ünvanladığını qeyd edərək, Azərbaycan parlamentinin spikerini Moldovada qəbul etməkdən məmnun olacağını söyləyib. Bununla yanaşı, İqor Qrosu ölkəmiz ilə beynəlxalq qanunverici təşkilatlarda qarşılıqlı dəstək və əməkdaşlıq əlaqələrinə toxunub.

Avronest PA-nın Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Moldovalı spikerə isti qəbul və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan ilə Moldova arasında parlamentlərarası münasibətlərdən söz açan millət vəkili, ölkələrimizin öz ərazilərində separatizm problemi ilə üzləşdiyini, Azərbaycanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsinəticəsində torpaqlarımızın erməni işğalçılardan azad olunduğunu və ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğundan danışıb. Bununla yanaşı, Tahir Mirkişili ölkələrimiz arasında qarşlıqlımaraq kəsb edən layihələrin həyata keçirilməsi, parlametlərarası əlaqələrin, beynəlxalq təşkilatlarda qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətlərin genişlənməsinin vacibliyini qeyd edib. O, İşğaldan azad edilmiş ərazilərdə aparılan işlərdən bəhs edərək Azərbaycanın enerji ve tranzit yükdaşıma potensialının dost ölkələr üçün əməkdaşlığa xidmət etdiyini vurğulayıb.

 

Buna cavab olaraq, Moldova parlamentinin sədri İqor Qrosu Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu qeyd edib, yaşıl enerji üzrə planlaşdırılan layihələrə qonşu Moldovanın qoşulma perspektivlərindən danışıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, habelə iqtisadi, enerji, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov və Moldova Azərbaycanlılar Konqresinin sədri Elçin Bayramov iştirak ediblər.