ONN media xəbər verir ki, bu günlərdə Azərbaycanda nəşr edilən beynəlxalq elmi jurnal - "İqtisadi araşdırmalar" jurnalı yeni nüfuzlu Obyektin Rəqəmsal İdentifikatoru və ya Rəqəmsal Obyekt İdentifikatoru - DOİ (Digital Object Identifier) indeksinə layiq görülüb.
Qeyd edək ki, DOI standartının yaradıcıları − International DOI Foundation − IDF (Beynəlxalq DOI Fondu) və Publishers International Linking Association − PILA (Naşirlərin Beynəlxalq Əlaqəsi Assosiasiyası) adlı beynəlxalq elmi təşkilatlardır. ISO standartı əsasında fəaliyyət göstərən sistem DOI adlarının təyini və daimi istifadəsi üçün texniki və sosial infrastrukturu təmin edir və Beynəlxalq DOI Təşkilatı (International DOI Foundation) tərəfindən idarə olunur.
DOI məqalə haqqında məlumatlar − onun yerləşmə yeri (URL), obyektin adı və onun digər identifikatorları (məsələn, elektron kitab üçün ISBN) haqqında məlumatları, habelə bu obyektlə əlaqəli geniş formalı təsviri məlumatlar toplusunu özündə ehtiva edir.
Eyni zamanda elmi məqalələrin saxtalaşdırılmasının qarşısının alınması və elmi jurnalların beynəlxalq bazalara düşməsinə dəstək olması, elmi dərəcə və elmi ad verilməsi üçün elmi məqalələrin Azərbaycan Respublikasında dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 10 fevral 2023-cü il tarixli qərarı ilə Rəqəmsal Obyekt İdentifikatorunun (DOİ - Digital Object Identifier) alınması tələbi qoyulmuşdur.
Xatırladaq ki, "İqtisadi araşdırmalar" jurnalı (İAJ) 2017-ci ildə Azərbaycan Respublikasında təsis edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət reyestrinə alınmış müstəqil, resenziyalı, beynəlxalq elmi jurnaldı.
İAJ-a mərkəzi Fransanın Paris şəhərində yerləşən dövri nəşrlər üçün nəzərdə tutulan ISSN 2522-9451 - Beynəlxalq Standart Seriya Nömrəsi (International Standard Serial Number) təqdim edilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə və eyni zamanda beynəlxalq standartlara uyğun nəşr edilən jurnalın elm aləmində böyük nüfuza malik Azərbaycanın görkəmli iqtisadçı alimləri ilə yanaşı bir sıra xarici ölkələrdən olan iqtisadçı alimlərdən ibarət redaksiya heyyəti mövcuddur.
Jurnalda 4 dildə (azərbaycan, türk, ingilis və rus) elmi əsərlər - elmi məqalələr çap edilir.