İran Ermənistanı uşaq kimi bəsləyib qoruyan yeganə dövlətə çevrilib

Azərbaycanın xarici siyasətinin əsasında qonşu dövlətlərlə dostluq və mehriban münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Bu siyasətin bünövrəsi Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, Prezident cənab İlham Əliyev tərəfindən isə uğurla davam etdirilir. İranın bu kontekstdə yeri dövlətimiz və xalqımız üçün ələxüsus önəmlidir. Çünki biz tək qonşu deyilik, ümumi dinimiz və dilimiz var. İranda milyonlarla müsəlman Azərbaycan türkü yaşayır ki, biz vahid ana dilində - Azərbaycan dilində danışırıq. Ancaq müasir tariximiz, xüsusilə son 30 il göstərir ki, müsəlman İran müsəlman Azərbaycanın qanına susamış Ermənistana münasibətdə qeyri-adi məhəbbət sərgiləyir. Elə məhəbbət ki, erməniləri aclıq çəkməyə qoymur, yanacaqsız buraxmır. Bu azmış kimi, sözügedən mübhəm münasibət tək Ermənistana deyil, bizim ərazimizdə, müsəlman torpağı olan Qarabağda kök salmış separatçı, terrorçu çeteyə nəzərən də bəslənilir. 

Biz 30 ildir bundan xəbərdarıq və yeri düşən kimi eyham vurub, bütün bunların arzuolunmaz olduğunu, əlaqələrimizin ən azı tarixinə yaraşmadığını deyirdik. Ancaq ötənilki müharibə göstərdi ki, narahatlıq və narazılığımızın İranın rəsmi dairələri üçün heç bir önəmi yoxmuş. Müharibədən bir il keçməsinə baxmayaraq, heç nə dəyişməyib. 2020-ci il sentyabrın 30-da, müharibənin üçüncü günündə parlament iclasındakı çıxışımda İrandan Ermənistana gedən hərbi yük karvanlarına toxunmuşdum. Bir il keçib, ancaq problem aktuallığını itirməyib...

Bu gün elə bir vəziyyət yaranıb ki, İran Ermənistanı uşaq kimi bəsləyib qoruyan yeganə dövlətə çevrilib. Niyə? Nə səbəbdən? İqtisadi maraqlar? 25 min separatçıdan gözlənilən qazanc o qədərmi böyükdür? Siyasət? Bəs islam təəssübkeşliyi? Müsəlmançılıq?

Azərbaycan müstəqil dövlətdir. Biz qarşımıza qoyduğumuz bütün məqsədlərə çatmışıq. Bugündən belə də müəyyən etdiyimiz istənilən hədəflərə çatacağıq və bu yolda heç bir maneə iradəmizə tab gətirə bilməz!

Elnur Allahverdiyev
Milli Məclisin deputatı