İsmayıl Hüseynov Türk Dövlətləri Təşkilatı Gömrük Xidməti Rəhbərlərinin iclasında

Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Gömrük Xidməti Rəhbərlərinin 8-ci iclası keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, iclasda komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. İşçi qrupun iclasında “İpək yolu” təşəbbüsü və “Karvansaray” layihəsi üzrə görüləcək işlər, əvvəlki iclaslarda qəbul edilən qərarların icra vəziyyəti, üzv dövlətlər arasında sərhəd keçidləri sahəsində qarşılıqlı fəaliyyətin artırılması, “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Saziş”in layihəsi və Səlahiyyətli İqtisadi Operator sistemlərinin təşviqi ilə bağlı məsələlər müzakirə edilib.

İ. Hüseynov ölkələrimiz arasında tarixi bağlar, dil və mədəni yaxınlıq, qardaşlıq münasibətləri zəminində hər sahədə yüksək səviyyədə əməkdaşlığın olduğunu söyləyib. Məlumat verilib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrük sistemində mühüm islahatlar aparılıb və ümumi strategiya regionda qanuni ticarətin inkişafı üçün əlverişli şərait yaratmaq, beynəlxalq ticarət və təchizat zəncirinin təhlükəsizliyini qorumaq, xarici ticarəti stimullaşdırmaqla ticarət və investisiya mühitini daha cəlbedici etmək və ölkəmizin tranzit potensialını gücləndirməkdən ibarətdir.

Vətən müharibəsində qazanılan tarixi zəfərdın sonra işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa işləri ilə sözügedən rayonlarda dövlət qurumlarının fəaliyyətindən danışan DGK sədr müavini bu çərçivədə gömrük orqanlarının həyata keçirdiyi tədbirlərdən də bəhs edib və bildirib ki, işğaldan azad edilmiş torpaqlarda gömrük xidmətinin təşkili məqsədilə Qubadlı rayonunda “Qubadlı”, Zəngilan rayonunda “Qazancı” və Füzuli rayonunda “Füzuli Beynəlxalq Hava Limanı” gömrük postu istifadəyə verilib.

Post-müharibə dövrünün reallıqlarından və imkanlarından söhbət açan İ. Hüseynov Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Zəngəzur dəhlizinin bərpası Avrasiya nəqliyyat şəbəkəsinin genişlənməsinə, ölkələrimizin tranzit potensialının gücləndirilməsinə öz töhfəsini verəcək.