İsmayıllıda sel fəlakəti bir sıra fəsadlar törədib.
Sabahinfo.az xəbər verir ki, Lahıc yolu daşqınlar səbəbindən bağlanıb.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında faktı təsdiq edib.
O bildirib ki, gecə saatlarından gələn sel və daşqınlar Lahıc yolunda hərəkəti məhdudlaşdırıb:
“Gecə saatlarından yol bağlanıb. Qurumun əməkdaşları məlumat daxil olan andan əraziyə göndəriliblər, orada işlər gedir. Lahıc yolunun bir neçə hissəsində iri qaya parçaları yola tökülüb. Əməkdaşlar həmin qayaların yoldan kənarlaşdırılması istiqamətində tədbirlər görürlər. Yaxın 1 saat ərzində Lahıc yolunda hərəkətin bərpa olunması gözlənilir”.
Əldə etdiyimiz məlumata görə, sel və daşqınlar səbəbindən İsmayıllı rayonunun bir hissəsində elektrik enerjisinin və qazın verilişində də problem yaranıb.
08:38
İsmayıllıda güclü leysan yağışdan sonra Namazgah kəndinə sel gəlib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, yağan yağış təsərrüfata ciddi ziyan vurub. Sel evləri, turizm-istirahət obyektlərini, mağazaları basıb. Sel səbəbindən yolları qalın lil qatı örtüb, nəqliyyatın hərəkəti çətinləşib.
Qeyd edək ki, dünən axşam saatlarında yağan güclü leysan xarakterli yağışdan sonra İsmayıllı-Lahıc yolu bağlanıb.
Sel suları qəsəbəyə və ətraf kəndlərə gedən qaz xətlərini zədələyib, elektrik dirəklərini aşırıb.
Eyni zamanda, sel suları Yuxarı Zərnava kəndinə gedən yolu da keçilməz edib. Paralel olaraq rayon ərazisindən keçən Girdiman çayının suyunda da artım müşahidə olunur.