İstanbulda BƏƏ kəşfiyyatı üçün casusluq edən 3 nəfər saxlanılıb

İstanbul Respublika Baş Prokurorluğunun əlaqələndirməsi ilə İstanbul Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə Şöbəsi və MİT tərəfindən “hərbi və siyasi casusluq” fəaliyyətlərinin ifşasına yönəlik əməliyyat keçirilib.

Sabahinfo.az xəbər verir ki, araşdırmalar zamanı Birləşmiş Ərəb Əmirlikləri kəşfiyyat xidmətinin əməkdaşlarının Türkiyədə fəaliyyət göstərən bir GSM şirkətinə aid nömrə ilə saxta profillərdən istifadə edərək müdafiə sənayesi qurumlarında çalışan rəhbər şəxslər, Xarici İşlər Nazirliyinin istifadə etdiyi telefon və bəzi xarici ölkə rəsmiləri ilə təmas qurub kritik vəzifələrdə çalışanlara dair bioqrafik məlumat toplamağa çalışdığı müəyyənləşdirilib. Bu məqsədlə həmin GSM nömrəsini alıb BƏƏ-yə apararaq kəşfiyyatçılara verən və bir-biri ilə əlaqəli olan 4 nəfər də aşkarlanıb.

Keçirilən əməliyyat zamanı 4 şübhəlinin 3-ü saxlanılıb, xaricdə olduğu müəyyən edilən 1 nəfər barəsində isə axtarış qərarı çıxarılıb.