Kahramanmaraşda "Azərbaycan Məhəlləsi"ndə 1 323 mənzilin inşası bitib

Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi”ndə 1 323 mənzilin inşası bitib, açarlar təqdim olunacaq.

Sabahinfo.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının yayımladığı süjetdə deyilir.

Bildirilib ki, buradakı binalar digər yaşayış binalarından fərqlənir:

"Diqqət çəkən başqa bir məqam isə odur ki, binalar çox hündür tikilməyib. Buna səbəb ərazinin seysmik zonada olmasıdır. Məhəllədə hazır yaşayış binaları olmaqla yanaşı, hazırda tikintisi davam edən binalar da var. Ərazidə təmir-tikinti işləri davam edir, burada Azərbaycan tərəfindən məktəb də tikilib. Məktəb Azərbaycanın Ümum milli lideri Heydər Əliyevin adını daşıyır. "Azərbaycan məhəllləsi" 1 milyon 800 min kv metri əhatə edir. Məhəllədə iaşə və ticarət obyektləri də fəaliyyət göstərəcək".

Sujetdə qeyd olunub ki, zəlzələdən əvvəl bu məhəllənin adı Hayrullah idi:

"Naxçıvanda imzalanan müqavilədən sonra Azərbaycan tərəfi Kahramanmaraşda bu cür məhəllə yaratmaq istədiklərini bildirdilər. Ondan sonra bu ərazi onlara ayrıldı. Zəlzələ dövründə də Azərbaycan tərəfi 1500 tondan artıq humanitar yardım göndərib. Qardaş Azərbaycandan gələn yardım 395 yük maşınına yüklənib, 15 təyyarə və 25 dəmir yolu vaqonu ilə göndərilib. Bundan əlavə, Azərbaycandan 300 milyon türk lirəsinə qədər maliyyə yardımı alınıb".