Kamaləddin Qafarov: “ 2003-cü ilin oktyabrında xalqımız doğru seçim etdi”

 

“Bu gün Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında özünün intibah dövrünü yaşayır. Azərbaycan dövləti şanlı tarixinin heç bir dövründə indiki qədər müstəqil, inamlı və güclü olmayıb. Möhtərəm dövlət başçımızn rəhbərliyi ilə ölkəmizdə görülən işlər, həyata keçirilən əsaslı islahatlar möhtəşəm uğurların əldə olunmasını, müstəqilliyimizin daha da möhkəmlənməsini, Azərbaycanın sosial-iqtisadi tərəqqisini təmin edib”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin xalqın və dövlətin gələcəyinə dəqiq hesablanmış uğurlu strategiyası təkcə Azərbaycanın deyil, həm də bütün region ölkələrinin və qonşu dövlətlərin inkişafı üçün yeni, daha geniş perspektivlər açıb. İqtisadi gücünü dinamik şəkildə artıran Azərbaycan sadəcə regional deyil, həm də dünya miqyasında önəmli siyasi-iqtisadi və hərbi güc mərkəzinə çevrilib. Bu gün Avropa və dünya dövlətləri müstəqil xarici siyasət yürüdən Azərbaycanı regional sülhün və təhlükəsizliyin təmin olunması üçün istinad nöqtəsi olaraq qəbul edir . Dünya birliyi ölkələri müstəqil Azərbaycanla hesablaşır, ölkəmizi beynəlxalq aləmdə nüfuzlu söz sahibi olan dövlətlərdən biri kimi qəbul edirlər. Bütün bu nailiyyətlər ölkəmizin 2003-cü ildən bu günə qədər əldə etdiyi möhtəşəm nailiyyətlərin yalnız bir hissəsi olmaqla, Azərbaycan xalqının 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkilərində ən doğru seçim etdiyinin əyani sübutudur.”

Deputat 2003-cü il oktyabr ayının 1-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciətini xatırladaraq bildirib ki, Ulu Öndərin həmin müraciətində böyük uzaqgörənliklə dediyi sözlər artıq bütün sahələrdə öz təsdiqini tapıb: “Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirərkən demişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Bu gün artıq birmənalı olaraq demək lazımdır ki, ölkə Prezidenti cənab İlham Əliyev həm Ulu Öndərimizin, həm də Azərbaycan xalqının bütün ümidlərini tamamilə doğruldub. Prezident İlham Əliyev xalqın etimadını qazanaraq bu vəzifəyə seçildikdən dərhal sonra Azərbaycanda ordu quruculuğu istiqamətində irimiqyaslı tədbirlərin həyata keçirilməsinə start verildi. Ölkə Prezidenti cənab İlham Əliyev 19 il ərzində daim deyir ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Bu illər ərzində dövlətimizin başçısı səbr və əzmkarlıqla, müdrikcəsinə Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə düşünülmüş siyasət yürütdü, zəruri addımlar atdı. Məhz güclü iqtisadiyyat bizə imkan verdi ki, həm müasir silahlar alaq, həm də özümüzün hərbi-sənaye kompleksimizi inkişaf etdirək. Digər tərəfdən də Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində son illər ərzində aparıcı beynəlxalq təşkilatlar məhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Bütün bunlar Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri, ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, milli həmrəyliyimiz bizi tarixi Qələbəyə gətirib çıxardı. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin və səmərəli əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu və Ulu Öndərimizin öz varisinə etdiyi vəsiyyətinə şərəf və ləyaqətlə əməl olundu. Böyük Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsi, Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.Birmənalı olaraq deyə bilərik ki, bu gün Azərbaycanda iqtidarın irəli sürdüyü təşəbbüslər vasitəsilə ümummilli və siyasi həmrəylik davamlı olaraq inkişaf edir. Azərbaycan xalqının Prezident İlham Əliyevə olan dəstəyi, etimadı və sonsuz inamı bu birliyin və həmrəyliyin əbədi olacağının ən möhkəm zəmanətidir”