9 aprel 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyində nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi altında operativ iclas keçirilib. İclasda nazir müavinləri və müvafiq struktur bölmələrin rəhbərləri iştirak edib.
FHN Mətbuat xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, iclasda, əvvəlcə, nazir Kəmaləddin Heydərov Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində baş vermiş yanğının söndürülməsi zamanı göstərdikləri fədakarlığa görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına təşəkkürlərini çatdırıb.
İclasda "Azərsun Sənaye Parkı"nın ərazisində baş vermiş yanğının ehtimal olunan başvermə səbəbləri müzakirə olunub, aidiyyəti strukturların rəhbərlərinin məruzələri dinlənilib. Nazir yanğınla bağlı yaradılmış istintaq qrupu tərəfindən hadisənin səbəblərinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Həmçinin, bundan əvvəl keçirilmiş iclaslarda verilmiş tapşırıqların davamı olaraq, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərini tənzimləyən normativ-hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihələrin hazırlanması istiqamətində görülən işlərə toxunulub, tapşırıqlar verilib.