"Kim nə istəyir desin, bizə vasitəçilər lazım deyil" -Dövlət başçısı

"Kim nə istəyir desin, vasitəçilər də bizə lazım deyil. Düzdür, indi bəzi vasitəçilik təkliflərinə biz etiraz etmirik, sadəcə olaraq, siyasi nəzakət naminə. Ancaq, əslində, bizə vasitəçi lazım deyil. Biz Ermənistanla dövlət sərhədinin delimitasiyasını vasitəçilərsiz etdik. Sadəcə olaraq, onlara bildirdik ki, Qazax rayonunun dörd kəndi bizə qeyd-şərtsiz qaytarılmalıdır və bunu son dəfə mən bu ilin fevral ayında demişəm".

Sabahinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.

"Hesab edirəm ki, bu sözlər çox tutarlı oldu və ondan sonra heç bir vasitəçisiz, heç bir qeyd-şərtsiz Qazaxın dörd kəndi, - hansı ki, işğal altında idi, - bizə qaytarıldı. Beləliklə, biz nəinki delimitasiyanı, hətta demarkasiyanı da başlamışıq. Ona görə danışıqlarda da bizə heç bir vasitəçi lazım deyil.

Ermənistan da buna bel bağlamasın. Ümumiyyətlə, heç kimə bel bağlamasın. Onlar əgər bu coğrafiyada yaşamaq istəyirlərsə və təhlükəsizlik şəraitində yaşamaq istəyirlərsə, öz qonşularına qarşı siyasətlərində ciddi düzəlişlər etməlidirlər. Bu birincisi. İkincisi, nə onlar, nə onların arxasında duranlar 30 illik işğalı heç vaxt unutmamalıdırlar. Amma bunu unutmaq istəyirlər və unutdurmaq istəyirlər. Sanki bu işğal olmayıb. İkinci Qarabağ müharibəsinin nəticələrini unutmamalıdırlar, Ermənistan ordusu darmadağın edilmişdir. Ermənistan kapitulyasiya aktını imzalamışdır.

Ondan sonra mən əmr verdim və Azərbaycan Ordusunun şanlı Zəfər yürüşü dayandırıldı. Bugünkü reallıq bir daha göstərir ki, bu nə qədər düzgün addım idi, ondan sonrakı hadisələr də göz qabağındadır və nəticə etibarilə 20 Sentyabr - suverenliyimizin tam bərpa edilməsi günü unudulmamalıdır və bu tarixi həqiqət danışıqlar masasında da daim olmalıdır", - deyə dövlət başçısı bildirib.