Şimali Kipr Türk Cümhuriyyətinin İskele rayon bələdiyyəsinin təşkilatçılığı ilə “Bizim sevgimiz – sizin sevginizdir” adlı VI Beynəlxalq Mədəniyyət Festivalı keçirilib. Festivalda ölkəmizi Azərbaycan-ŞKTC Dostluq Cəmiyyəti təmsil edib. Şimali Kiprdə keçirilən beynəlxalq festivalda dünyanın 21 ölkəsinin mədəniyyətinə və adət-ənənələrinə həsr olunmuş stendlər təşkil olunub.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və ölkənin turizm naziri Fikri Ataoğlu festivalda çıxış ediblər. Prezident Ersin Tatar öz nitqində Kipr türklərinin zəngin tarixinə diqqət çəkib, mədəniyyətlərarası əlaqələrin dərinləşdirilməsinin vacibliyini və əhəmiyyətini qeyd edib. “ŞKTC Şərqi Aralıq dənizində mədəniyyət və insan hüquqlarına dəyər verilən və hörmət edilən müstəqil türk dövlətidir. Kipr türkləri dünyanın bütün ölkələri ilə dialoqa hazırdır”, – deyə prezident Ersin Tatar vurğulayıb. Dövlət başçısı ölkəmizə həsr edilmiş kitabların, broşürlərin, kataloqların, eləcə də suvenirlərin təqdim olunduğu Azərbaycan stendini xüsusilə bəyəndiyini və sərginin yüksək bədii zövqlə hazırlandığını diqqətə çatdırıb.
Festivalda Azərbaycan-ŞKTC Dostluq Cəmiyyətinin rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.
Festival haqqında fikirlərini bölüşən Milli Məclisin deputatı, Azərbaycan – Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri Cavanşir Feyziyev mədəniyyətlərarası dialoqun genişləndirilməsi baxımından bu festivalın mühüm əhəmiyyət daşıdığını və ölkələrarası əlaqələrin möhkəmləndirilməsinə böyük fayda verəcəyini bildirib.
Cavanşir Feyziyevin sözlərinə görə, Azərbaycan hər zaman Kiprin türk xalqını dəstəkləmək üçün addımlar atmağa çalışır və Şimali Kiprlə Mərkəzi Asiya ölkələri arasında dialoqun təşkilində fəal rol oynayır. Millət vəkili digər türk dövlətlərinin də ŞKTC ilə parlamentlərarası dostluq qrupları yaratmasının zəruriliyini vurğulayıb və Kipr türk xalqı üçün taleyüklü bir zamanda ŞKTC ilə bütün türk dövlətləri arasında siyasi-iqtisadi-mədəni münasibətlərin inkişaf etdirilməsinə ciddi ehtiyac olduğunu bildirib.